Erməni çiyələyi iki ölkəni bir-birinə vurdu

Gürcüstan hakimiyyəti erməni çiyələyi ilə bağlı yayılan məlumat qalmaqalına rəsmi şəkildə müdaxilə etməyə məcbur olub.

Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, erməni çiyələyinin guya  ölkə ərazisi vasitəsilə digər ölkələrin məhsulu kimi Rusiyaya ixrac edilməsi ilə bağlı iddialar yayılıb.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bu məlumatlara sərt reaksiya verərək onların həqiqətə uyğun olmadığını bildirib. Qurum vurğulayıb ki, bu cür iddialar region ölkələri arasında münasibətlərə zərər vura bilər.

Picture background

Məlumatların yayılması Rusiyanın son dövrlərdə erməni məhsullarına tətbiq etdiyi məhdudiyyətlər fonunda daha geniş rezonans doğurub. Müzakirələrə səbəb olan məlumat erməni “Hraparak” nəşrində dərc olunan yazıdan sonra ortaya çıxıb. Məqalədə iddia olunurdu ki, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərdən sonra bəzi erməni istehsalçıları məhsullarını alternativ yollarla ixrac etməyə çalışırlar. Yazıya görə, bəzi hallarda çiyələk məhsullarının Gürcüstan üzərindən daşınaraq başqa mənşə adı ilə rəsmiləşdirilməsi ehtimalı irəli sürülüb. Həmçinin bəzi istixana təsərrüfatlarının bu sxemdən istifadə edə biləcəyi qeyd olunub.

Rəsmi Tiflis isə bu iddiaları qəti şəkildə təkzib edib. Nazirlik bəyan edib ki, erməni məhsullarının mənşəyinin dəyişdirilməsi və onların Gürcüstan vasitəsilə yenidən ixracı ilə bağlı deyilənlər əsassızdır. Qurumun fikrincə, bu cür məlumatların yayılması region ölkələri arasında ticarət-iqtisadi münasibətlərə mənfi təsir göstərə bilər. Tiflisidə xüsusi narazılıq doğuran məqamlardan biri də Gürcüstanın qonşu ölkənin daxili siyasi müzakirələrinə cəlb edilməsidir.

Məsələnin həssaslığı isə Rusiya ilə Ermənistan arasında ticarət münasibətlərində yaranmış gərginliklə bağlıdır. Son aylarda Rusiyanın nəzarət orqanları tərəfindən erməni məhsullarına müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Bu məhdudiyyətlər əsasən aşağıdakı məhsulları əhatə edib:

alkoqollu içkilər,
mineral sular,
çiçəklər,
balıq məhsulları,
üzüm,
çəyirdəkli meyvələr,
bəzi kənd təsərrüfatı məhsulları. 

Nəticədə erməni istehsalçıları əsas ixrac bazarlarından birində ciddi çətinliklərlə üzləşiblər.

Gürcüstanın bu məsələdə diqqət mərkəzinə düşməsi isə təsadüfi deyil. Ölkə Cənubi Qafqazda mühüm tranzit-logistika mərkəzi hesab olunur və Ermənistanı xarici bazarlarla birləşdirən əsas marşrutlar məhz bu ölkədən keçir.Buna görə də məhsul daşımaları ilə bağlı hər hansı iddialar dərhal ictimai və siyasi diqqət çəkir.Bununla belə, Gürcüstan hakimiyyəti beynəlxalq ticarət qaydalarına uyğun fəaliyyət göstərdiyini bildirir və məhsulların mənşəyinin dəyişdirilməsi ilə bağlı bütün ittihamları rədd edir.Ekspertlərin fikrincə, bu cür informasiya qarşıdurmaları təkcə siyasi münasibətlərə deyil, həm də biznes mühitinə təsir göstərir. Region ölkələri üçün logistika sabitliyi və məhsul mənşəyinə olan etimad xarici bazarlarda fəaliyyət üçün əsas şərtlərdən biridir.Hazırda erməni çiyələyi ətrafında yaranan qalmaqal daha geniş bir müzakirənin – ticarət məhdudiyyətləri, regional rəqabət və yeni ixrac marşrutlarının axtarışı mövzusunun tərkib hissəsi kimi qiymətləndirilir.