İcra Hakimiyyəti: Güclü külək Bərdə rayonunda böyük dağıntılar törədib- FOTO
Bunu ARANTV.AZ-ın Qarabağ üzrə bölgə müxbirinin məlumatına görə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Vahid Qarayev deyib.
V. Qarayev bildirib ki, “şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb”.
Onun sözlərinə görə, güclü küləyin təsirindən rayonda 80 yaxın irigövdəli ağaclar aşıb. Ağacların əksəriyyəti avtomobil yollarınin hərəkət zolağına düşüb. Yollarda avtomobilərin hərəkətində çətinlik yaranıb. İlkin mərhələdə müvafiq idarələr tərəfindən qırılan ağaclar yollardan təmizlənib, maşınların hərəkəti bərpa edilib.
“Həmiçinin təbiət hadisəsi nəticəsində elektrik dirəkləri aşıb, naqillər qırılıb, Bərdə şəhər mərkəzi ilə bərabər kəndlərinin 80 faizə yaxın hissəsində elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, qaz xətti qırılıb, bəzi kəndlərə mavi yanacağın verilməsi dayanıb. “Azəriqaz ” İstehsalat Birliyinin əməkdaşları xətlərin bərpası işi ilə məşğuldur”, – deyə V. Qarayev bildirib.
İcra başçısının müavini sözlərinə görə, Güclü külək şəhər Soğanverdilər kənd orta məktəblərinin və Mirzalibəyli kənd uşaq bağçasının dam örtüyünü dağıdıb. İlkin məlumata görə, külək 20-dən çox evin dam örtüyünü uçurub. Rayonun Alaçadırlı kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yarım tikili yaşayış binasının dam örtüyü atıb. Rayon ərzindəki 6 ədəd hündür mərtəbəli, iki ədəd iki mərtəbədən ibarət çox mənzili yaşayış binasının dam örtüyünün bir hissəsi dağılıb.
Hazırda “Azərenerji” ASC-nin əməkdaşları tərəfindən yaşayış məntəqələrində təmir bərpa işləri aparılır. Həmçinin Bərdə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb”.













