“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən festivalın növbəti ünvanı Göygöl və Neftçala rayonları olub.
“100 illik tariximiz” devizi altında keçrilən və əsl mədəniyyət bayramına çevrilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Göygöldə Heydər Əliyev adına parkda keçirildi. Qonaqlar Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulan çadırlarda qədim el sənəti, eləcə də ayrı-ayrı sənətkarların hazırladıqları dekorativ-tətbiqi sənət nümunələrinə, suvenirlərə baxdılar. Lahıc ustalarının əl işi olan məişət qabları, Sumqayıt sənətkarlarının zərif naxışlı tikmələri, xaçmazlıların daşdan yonduqları portretlər, həmçinin Masallı regional idarəsi tərəfindən təqdim olunan hörmə, toxuma, ağacoyma və dulus nümunələri maraqla qarşılandı. Şəmkir bölgəsinin çadırlarında nümayiş etdirilən saz nümunələri – qopuz, tənbur, çoğur, rübab, cürə saz, Şəki ustalarının incə naxışlı zərif kəlağayıları qonaqların zövqünü oxşadı. Tədbir 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qruplarının konsert proqramı ilə davam etdi. Konsertdə xanəndə və müğənnilər bəstəkar və xalq mahnılarını ifa etdilər. Rəqqasların çıxışları da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Rayon sakinləri bölgələrdə bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirirlər.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Naftalan rayonu oldu.
Festival istər rayon sakinlərində, istərsə də qonaqlarda xoş əhvali-ruhiyyə yaratdı.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının məqsədi xalqımızın zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, respublikamızda regionlararası mübadilənin gücləndirməsidir.

