“ASAN Xidmət” mərkəzlərində əcnəbi könüllülər təcrübəyə başlayıb
ARANTV.AZ xəbər verir ki, İndiyədək “ASAN Xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 23 milyona yaxındır. “ASAN xidmət”ə beynəlxalq təşkilatlar və müxtəlif ölkələr tərəfindən maraq da getdikcə artır. Azərbaycan təcrübəsinin xaricdə tətbiqi məqsədilə Asan Xidmət mərkəzlərində əcnəbi könüllülər təcrübəyə başlayıb. Qonaqlar avqustun 3-dək təlimlərdə iştirak edəcəklər.
Əcnəbi könüllülər 1, 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərinin və “ASAN radio”-nun fəaliyyəti ilə yaxından tanış olurlar. Onlara “Yaşıl ASAN” təşəbbüsü barədə geniş məlumatlar verilir. Azərbaycan təcrübəsinin digər ölkələrdə də tətbiqi məqsədilə qonaqlar maarifləndirmə aksiyalarında iştirak edirlər. Bundan başqa gənclərə ölkəmizin gəzməli-görməli yerlərinə ekskursiyalar təşkil ediləcək.
Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AISEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilir.
Əcnəbi gənclərin könüllülük fəaliyyəti avqustun 3-dək davam edəcək. Ümumilikdə isə indiyədək “Asan Xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 23 milyona yaxındır. 2013-cü ilin iyunundan bu günə qədər bir milyon yarıma yaxın vətəndaşa isə səyyar formada xidmət göstərilib. Asan Xidmət Mərkəzlərində 10 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-ə yaxın müxtəlif xidmət göstərilir.

