Diplomatların cənub səfəri…
ARANTV.AZ xəbər verir ki, ölkəmizdə akkreditə olunan səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Cənub bölgəsinə səfər çərçivəsində Lənkəran rayonunda olublar. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən səfərin məqsədi diplomatları regionların sosial-iqtisadi inkişafı və turizm potensialı ilə yaxından tanış etməkdir.
Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsinin Lənkərana səfəri Olimpiya İdman Kompleksi ilə tanışlıqdan başladı. Qonaqlara məlumat verildi ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Kompleks ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir. Bildirildi ki, 788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Kompleksdə yaradılan şəraitlə tanış olan qonaqlar, idmançılarla da söhbət etdilər. Diplomatik korpusun nümayəndələri daha sonra Heydər Əliyev Xatirə Parkına gəldilər. Parkın ərazisini gəzəndən sonra Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi ilə tanış oldular, Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına tamaşa etdilər. Qonaqların növbəti ünvanı Qala Xiyabanı oldu. Burada onlar Lənkəranda istehsal olunan çay, çəltik, sitrus meyvələri və digər kənd təsərrüfatı məhsullarının, eləcə də, rayonun turizm potensialını əks etdirən buklet və foto-stendlərlə tanış oldular. Daha sonra qonaqlara çay süfrəsi açıldı. “Azərxalça” ASC-nin Lənkəran filialı ilə tanışlıq da diplomatik nümayəndəliklərin rəhbərlərində zəngin təəssürat yaratdı.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri İstisu qəsəbəsindəki çay plantasiyalarında və Lənkəran Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində olub, Lənkəran İstisu və Saglamlıq Mərkəzinə, Hirkan qəsəbəsindəki sitrus plantasiyalarına və Hirkan Milli Parkına da baş çəkiblər.

