Buğda unu və çörək daha bir il güzəştlə satılacaq
Azərbaycanda buğda idxalı və satışına, buğda ununun və çörəyin istehsalı və satışına tətbiq olunan Əlavə dəyər vergisindən (ƏDV) azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı layihə Milli Məclisə daxil olub və yanvarın 27-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.
Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixdə bitib.
Habelə kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın 2021-ci ilin mart ayının 1-də bitdiyini və heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi nəzərə alınaraq həmin azadolmanın müddətinin daha 1 il müddətinə uzadılması təklif olunur.
Əlavə dəyər vergisi məhsula və ya materiala hər bir istehsal və çatdırma mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur və onun ödənilməsi istehlakçının üzərinə düşür. Bu baxımdan sözügedən məhsullara həmin verginin tətbiqi onların bahalaşması deməkdir.

