Gündəm 

Kəlbəcərdəki qızıl ehtiyatları ilə bağlı yenilik

Kəlbəcər rayonu ərazisindəki qızıl ehtiyatlarının səmərəli istismar olunması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik edilir.

ARANTV.AZ  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə Vergi Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunur.

Təklif olunan yeni maddəyə əsasən, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.

Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışının da vergidən azad edilməsi təklif olunur.

Eyni zamanda, Kəlbəcər rayonunun işğaldan azad edildiyini və rayonun böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alaraq, sözügedən vergi güzəştləri Kəlbəcər rayonunun qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə vermiş olacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Daha çox xəbərlər