PREZİDENT MÜKAFATÇISI: Bu, mənim həyatımın ən sevincli xəbəri idi- MÜSAHİBƏ
Dövlət başçısı İlham Əliyev 2 fevral 2021-ci il tarixində 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər Gənclər üçün Prezident mükafatlarına layiq görülüb. Mədəniyyət nominasiyası üzrə mükafatçılar sırasında “Bolşoy Teatrın” Gənc opera proqramının artisti, tenor Atəş İbrahim oğlu Qarayev da yer alıb.
ARANTV.AZ mükafatçılardan biri olan Atəş Qarayevlə müsahibəni təqdim edir:
– Söhbətimizə ilk olaraq, Atəş Qarayevi daha yaxından tanımaqla başlayaq… Özünü oxucularımızla daha yaxından tanış edərdin.
– Mən, 1993-cü ilin 10 avqustunda Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə Nizami rayonunda yerlşən 10 nömrəli orta məktəbə qəbul olmuşam və 2008-ci ildə 9-cu sinifi bitirib, Şuşa musiqi kollecinə qəbul olmuşam. 2008-2012-ci illərdə Şuşa Musiqi kollecində oxumuşam. 2012-2014 cu illərdə həqiqi hərbi xidmətdə oldum. 2014 cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Solo oxuma fakultəsinə daxil olmuşam. 2018-ci ildə oranı bitirmişəm. 2015-ci ildə Sankt-Peterburqda keçirilən opera ifaçılarının 7-ci beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görülmüşəm. 2017-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Musiqili Teatr tərəfindən “Mövsümün debütü” diplomu ilə təltif olunmuşam. 2015-2017-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvətli solisti kimi çalışmışam. 2017-2019-cu illərdə Azərbaycan Dövlə Akademik Musiqili teatırının aparıcı solisti kimi işləmişəm və Russiyanın “Bolşoy Teatrı”nın Gənclər truppasında iş təklifi aldığım üçün öz xahişim ilə işdən ayrıldım. 2019-cu ildə Rusiya “Bolşoy Teatrı”nın Gənclər truppasının ilk Azərbaycanlı solisti oldum. Beynəlxalq Muğam Mərkəzi, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 132 illiyi və Milli Musiqi Günü münasibətilə keçirilən “Canlı xatirə” adlı konsertdə uğurlu çıxışıma görə təşəkkürnamə ilə təltif edilmişəm. 2018-ci ildə Moskvada Yelena Obraztsova Fondu tərəfindən təşkil olunan “Xose Karreras Qran-pri” tenorlar müsabiqəsində iştirak etdim və finala yüksəldim. 2019-cu ildə Rusiyanın “Bolşoy teatr”ının gənclər truppasının ilk azərbaycanlı solisti oldum. Xalqımıza şanlı Qələbə sevinci yaşadan 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak etdim.
– Atəş, Prezidentin mükafatına layiq görüldüyünü eşidəndə hansı hissləri keçirdin? Duyğularını bizimlə bölüşməni istərdik…
-Prezident mükafatçısı olduğumu eşidəndə hədsiz dərəcədə sevindim. Sevincimin həddi-hüdudu yox idi. Hətta deyərdim ki, bu, mənim həyatımın ən sevincli xəbəri idi. Dövlət başçımız, Ali Baş Komandanımız İlham Əliyev cənabları daim biz gənclərə dəstək verib və etimad göstərib. Mən çox qürurlu ve sevincliyəm ki, Prezidentimiz məni də bu mükafata layiq görüb.
– Gənclərimiz dövlətimizin və Prezidentimizin etimadını doğrulda bilirmi?
– Əlbəttə ki, doğruldur. Bu gün dövlətin diqqət və qayğısı Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özünü təsdiq etməsinə, tanınmasına münbit şərait yaradır. Gənclər olaraq, hər zaman Azərbaycanı istər yerli, istərsə də beynəlxalq sferada layiqincə təmsil etməyə çalışmışıq. Vətən müharibəsində gənclərimiz həm ön, həm də arxa cəbhədə qəhrəmanlıq göstərdilər. Bu qələbə xalqın Ali Baş Komandanımız və Ordumuzla birlik olmasının bariz nümunəsidir. Hazırda istedadlı gənclərimizin sorağı yaxın-uzaq ölkələrdən gəlir. Onlar ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Bizim xalqımız çox istedadlı və zəhmətkeş xalqdır. Mənim çoxlu gənc dostlarım var ki, hazırda dövlətimizin adını öz uğurları ilə xaricdə ucaldırlar. Məsələn, opera ifaçısı Azər Rzazadə, Məhərrəm Hüseynov. Onlar dünyaca məhşur La Scala teatrının akademiyasını bitirib ölkəmizi həm La Scalada, həm də dünyanın ən öndə gedən opera teatrlarında təmsil edirlər. Opera ifaçımız Həmid Abdulov Rusiyanın Marinski teatrının solistidir, skripka ifaçimiz Emin Hüseynov isə Moskva Konservatoriyasının magistraturasinda təhsilini davam etdirir və ölkəmizi öz sənəti ilə Rusiyada çox saylı konsert və tədbirlərdə təmsil edir. İstedadlı gənclərimiz həqiqətən çoxdur, saymaqla bitməz.
– Qeyd etdin ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmusan…
– Bəli, Vətən müharibəsində iştirak etmişəm. Bizim tabor 1-ci eşalonda ən öndə döyüşənlərdən idi. Biz hazırlıq kursu keçdik, sonra isə bizi Füzuli istiqamətinə göndərdilər. Hər birimiz döyüşə can atırdıq, çünki hər birimiz üçün torpaqlarımız düşmən işğalından azad etmək şərəf məsələsi idi. Cəbrayıl, Hadrut, Xocavənd istiqamətindəki döyüşlərdə oldum. Biz qələbəmizə inanırdıq, ona görə dayanmadan irəli gedirdik, hər şeyə hazır idik. Anlayırdıq ki, geriyə yol yoxdur. Azərbaycan əsgərləri ölüm haqda fikirləşmirdi, əsas qələbəyə doğru getmək, torpaqlarımızı işğaldan azad etmək idi. Döyüş zamanı mənimlə eyni istiqamətdə, eyni hərbi hissənin tərkibində döyüşən dayıoğlum Əhmədov Natiq şəhid oldu. O, məndən 4 yaş kiçik idi. Hələ çox cavan idi. Buna baxmayaraq, çox cəsarətli və mərd idi. Mənim üçün döyüşlərin ağır tərəfi döyüş yoldaşlarımı, qardaşlarımı itirmək idi. Döyüş alnımıza yazılıb, ordumuz çox güclü və yüksək döyüş ruhunda idi. Allahın izniylə, biz mənfur düşməndən öz qisasımızı aldıq. Gözəl Qarabağımızı düşmən tapdağından azad elədik.
– Müharibə xatirələrini bizimlə bölüşərsənmi?
– Füzulidən Şuşa dağlarına kimi piyada getdik. Şuşanı azad etmək üçün dördcə kilometr qalmışdı. Ora kimi yolumuz 10 gün çəkmişdi. Sonra bizə dedilər ki, xüsusi təyinatlılarımız unikal əməliyyat keçirərək Şuşanı düşməndən azad ediblər. Bu, bizim üçün ən sevindirici xəbər oldu. O hissləri sözlə ifadə etmək çətindir. Ermənistanın kapitulyasiya sənədini imzaladığı xəbərini alanda sevincimiz ikiqat oldu, bu, rəsmi olaraq Azərbaycanın Vətən müharibəsində Qələbəsi demək idi. 44 günlük müharibədə döyüş yoldaşlarımın əhvalını yüksəltmək üçün mahnılar oxuyurdum. Mənim üçün daha çox valideynlərim narahat olurdular. Onlara həmişə deyirdim ki, gec-tez Qarabağda müharibə yenə başlayacaq və mən cəbhəyə gedəcəm. Bu, mənim arzum idi. Valideynlərim mənim vətəndaş mövqeyimi, qərarımı bilirdilər və mənəvi cəhətdən buna hazır idilər. Evdən çıxanda görüşmədim, dedim ki, Qarabağa döyüşməyə gedirəm, ölməyə yox! Bilirdim ki, öz torpaqlarımızı azad etməyə gedirəm. Azərbaycan üçün vacib olan belə tarixi hadisənin iştirakçısı olduğu üçün xoşbəxtəm.
– Tarixi Zəfərimizin qazanılmasını şərtləndirən əsas amillər hansı idi?
-Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı Ali Baş komandanımız İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində, iqtisadi inkişafa, suyasi nüfuza, güclü, müasir orduya, yüksək texnologiyalara malik bir ölkəyik. Bu siyasətin nəticəsidir ki, Azərbaycan ordusu işğalçı erməniləri darmadağın edərək Qarabağdan iti qovan kimi qovdu.
– Atəş, gələcək hədəflərdən bəhs edək…
– Məqsədim hər zaman dövlətim və millətim üçün layiqli vətəndaş olmaq, millətimizi ,dövlətimizi, mədəniyyətimizi dünyada layiqincə təmsil etmək və tanıtmaqdır.
– Sonda, gənclərimizə tövsiyələrinizi bilmək istərdik.
-Məncə uğurlu gənc olmağın bir yolu var – yalnız öz üzərində işləmək, inkişaf etmək. Asan sənət yoxdur, hər sənətin öz çətinliyi var. Gənclərimizə tövsiyəm odur ki, heç vaxt ruhdan düşməsinlər. Hər zaman öz üzərlərində çalışsınlar. Belə olduqda, uğur daim onlara nəsib olacaq.
P.S Pandemiya səbəbindən vətənə qayıdan ifaçı, müharibə ərəfəsində orduya könüllü yazılıb, . ön cəbhədə düşmənlə döyüşüb. Moskvadakı fəaliyyətini davam etdirmək üçün geri çağrılsa da, Vətənə xidməti etməyi özünə borc bilib, səngərə üz tutub. Qəhrəmanımız uğurunda döyüşdüyü Şuşada həm qalib əsgər, həm də ilk opera müğənnisi kimi çıxış edib. Valideynləri hazirda xidmətini başa vuran Atəş Qarayevin ifaçı kimi fəaliyyətini davam etdirəcəyini və ən böyük arzusunun La-Skala səhnəsində çıxış etmək olduğunu bildirilər. Vokal ifaçısını La-Skala səhnəsində görmək arzusu ilə….


















