Siyasət 

Yeni tarix yazan Sərkərdə

Vətən müharibəsi zamanı Azərbaycan dövləti və onun lideri İlham Əliyev qətiyyətlə bütün dünya ölkələrinə haqq səsini çatdırdı. Dünya ictimaiyyətinə bir daha məlum oldu ki, Azərbaycanın mövqeyi ədalətlidir və bu mübarizədə qalib də məhz bizim ölkə olacaq. Məşhur türk şairi Tofiq Fikrətin sözləri ilə desək;

Zülmün topu var, gülləsi var, qalası varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Əslində bu ifadədəki zülm sözü ermənilərin əsl xislətidir. İşğalçı Ermənistanın nə nizami ordusu, nə də müasir döyüş texnikası olmayıb. Ancaq öz zülmü, vandalizmi ilə tanınıb. Həmişə onun-bunun köməyinə bel bağlayıb, məhz bu kömək nəticəsində də soyqırımları törədib, başqasının torpağına göz dikərək “özününküləşdirməyə” çalışıb. 30 ilə yaxın bir müddətdə torpaqlarımızı əsarətdə saxlayıb. Ermənistan öz vəhşi xisləti ilə işğal etdiyi ərazilərdə daşı daş üstə qoymayıb, şəhərlərimizi, kəndlərimizi darmadağın edib, məscidlərimizi söküb, mədəniyyət abidələrimizi məhv edib.

Erməni qəsbkarlarının törətdikləri bütün vəhşiliklərin, cinayətlərin qarşısını almaq kimi missiya ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, yeni tarix yazan Müzəffər Sərkərdə İlham Əliyevin qətiyyəti ilə yerinə yetirildi. Xalqla iqtidarın sarsılmaz birliyi, güclü və yenilməz ordu yaratmaq məhz Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətin ayrılmaz bir hissəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal olunmuş torpaqlarımızın hər qarışını azad edərək xalqa zəfər müjdəsini, qələbə sevincini yaşatdı. Dövlət başçımız həmçinin öz qətiyyətli çıxışları ilə dünya mətbuatına Azərbaycan həqiqətlərini çatdırdı.

Prezident İlham Əliyev öz dərin məzmunlu çıxışlarının birində qeyd edirdi ki, erməni vandalları şəhərləri, kəndləri dağıtmaqla elə hesab edirdilər ki, azərbaycanlılar bir daha həmin yerlərə qayıtmayacaqlar. Onlar bu fikirlərində də yanıldılar. Artıq dövlət başçısı İlham Əliyev həmin ərazilərdə böyük quruculuq işlərinə start verib. Bu işdə hər birimiz ölkə Prezidentinə dəstək olmalıyıq və olacağıq.

Rəna Aslanova,
YAP Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının sədri

Daha çox xəbərlər