Həkim nəzarəti olmadan uşaqlara vitamin kompleksi verilməməlidir – Pediatr
Dərs müddətində ara məsafəsi qorunursa və müəllim özü maskadan istifadə edirsə, uşaqların tibbi maskalardan istifadəsi zəruri deyil
Bildiyimiz kimi koronavirus pandemiyası hələ də davam edir. Və təəssüf ki, nə qədər daha davam edəcəyi bəlli deyil. Dünyada tuğyan edən COVID-19 pandemiyası yaşlılara, imunetiteti zəif olan şəxslərə daha çox təsir edir, hətta onların həyatını itirməsinə səbəb olur. Çin tədqiqatçıları isə belə bir nəticəyə gəliblər ki, koronavirusa yoluxan uşaqlarda, bir qayda olaraq, COVID 19-un çox zəif simptomları əmələ gəlir. Eyni zamanda bu uşaqlarda xəstəlik əlamətləri aşkar görünməsə də, onlar gizli infeksiya daşıyıcılarıdır.
Bəs bu qlobal problemdən uşaqlarımızı necə qorumalıyıq?
“COVID-19 pandemiyası bütün valideynləri, ailələri ən çox da uşaqları narahat edir. Əvvəllər uşaqların yoluxmadığı deyilsə də, zamanla uşaqlarda da yoluxma halları baş verdi. Bu, özünü qızdırma, qarın ağrıları, ürəkbulanma, ıshal və halsızlıq kimi göstərdi. Məktəblərin açılması valideynlər arasında təşvişə səbəb oldu. Lakin diqqət etməli olduğumuz qaydalar var.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında pediatr allerqoloq İlahə Həsənli söyləyib.
Gigiyenik qaydalara evdə tam riayət olunarsa, bu, uşaqda adət kimi formalaşacaq
Pediatr qeyd edib ki, uşaqlarımıza gigiyenik qaydaları tam öyrətməliyik, əllər tez-tez yuyulmalıdır. Hər bir məktəbə gedən uşağın çantasında antiseptik məhlul olmalıdır ki, əllərini mütləq təmizləsin. Otaqları havalandırmaq, uşaqların əllərini tez-tez yuyulması gərəkdir. Ortaq dəsmallardan uzaq durmaq, uşaqlar üçün birdəfəlik dəsmallardan istifadə etmək lazımdır. Hər hansı yerdə öskürən, asqıran insan gördükdə, uşaqları ondan ən azı 4 metr uzaq saxlamaq lazımdır. Gigiyenik qaydalara evdə tam riayət olunarsa, bu, uşaqlarda adət kimi formalaşacaq və getdiyi hər məkanda tətbiq edəcək.
Qış aylarında xüsusilə qrip peyvəndi və pnevmokok peyvəndi uşaqlar üçün önəmlidir
Mütəxəssisin sözlərinə görə, xəstəliklərdən qorunmaqda ən gözəl vasitə isə uşaqların yaşına uyğun və qış aylarında qrip peyvəndinin edilməsidir: “Peyvəndlər körpəmizin immun sistemini həmin xəstəliklə tanış edir və ona qarşı hansı cavab reaksiyasını verməyi bir növ öyrədir. Qış aylarında xüsusilə qrip peyvəndi və pnevmokok peyvəndi bizim üçün önəmlidir. Çox təəssüf ki, qrip əlamətləri bəzən koronavirus əlamətləri ilə oxşar olur. Bu səbəbdən körpələrimizi mümkün qədər virus mənşəli xəstəliklərdən maksimum qorumalıyıq.”
Uşaqlar hər gün ən azı 30 dəqiqə açıq havada gəzdirilməlidir
Ekspert əlavə edib ki, valideynlər uşağın gündəlik qidalanmasına, aktivliyinə xüsusi nəzarət etməlidirlər. Uşağımız məktəbə və ya bağçaya gedərkən ona sağlam bəslənmə çantası hazırlamaq lazımdır. Mümkün qədər uşağın kənardan qida və içəcək alıb qəbul etməsinin qarşısı alınmalıdır. Qidalanmalarında hazır paket qidalardan, konservantlardan uzaq olmalı, uşağı daha sağlam qidalandırmaq lazımdır. Qida rasionunda meyvə, tərəvəz, protein və karbohidrat bol olmalıdır. Gün ərzində qəbul etdiyi maye miqdarı yaşına və çəkisinə tam uyğun olmalıdır. Övladımızı telefon, komputer, televizordan uzaq tutmalı, ev şəraitində olsa belə, kiçik idman hərəkətləri və ya oyunlar edilməlidir. Uşaqlar mütləq şəkildə hər gün ən azı 30 dəqiqə insanların az olduğu və ya heç olmadığı yerdə açıq havada gəzdirilməlidir. Ən əsası da uşaqlarımıza həkim nəzarəti olmadan heç bir vitamin kompleksi, vitamin C və D verilməməlidir. Unutmayaq ki, uşaqlarımız əslində bizim aynada olan yansımamızdır.
Həmsöhbətimiz əlavə edib ki, dərs müddətində ara məsafəsi qorunursa və müəllim özü maskadan istifadə edirsə, uşaqların tibbi maskalardan istifadəsi zəruri deyil. Lakin toplu məkanlarda maskalardan istifadə mütləqdir.


