Qarabağ nura qərq olacaq…
Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağa hər səfəri ilə tarix yazır. Bu səfərlərin hər biri Qarabağa bütövlük, yenilik və inkişaf gətirir, xalqımıza tarixi anlar yaşadır, insanlarda xoş təəssürat yaradır.
Dövlət başçısının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, inkişaf etdirilməsi barədə Qarabağdan səsləndirdiyi bəyanatlar, müraciətlər ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi, qürur hissi və coşqu ilə qarşılanır. Vətəndaşlarımız ölkə başçısının hər səfərində bu bölgədə reallaşdırılan ilkin infrastruktur layihələrinin, müəssisələrin açılışını və təməlqoyma mərasimlərini diqqətlə izləyir, uğurlarımıza sevinir və qürur hissi keçirirlər.
İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə başladılan quruculuq işləri hamıda belə bir əminlik yaradır ki, Prezidentimizin hər bir sözü imzası qədər qiymətli və keçərlidir: “Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin” deyən ölkə başçısının Qarabağa səfərləri çərçivəsində bu ərazilərdə inşa edilən yeni istehsal müəssisələrinin, strateji obyektlərin təməlinin qoyulması, infrastrukturun yaradılması yolların çəkilməsi və digər tədbirlər iqtisadi-sosial, siyasi və mənəvi cəhətdən çox mühüm əhəmiyyət kəsb edir.
Fevralın 14- də Prezident İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində ilk tədbirlərdən biri Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması oldu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihənin başlanğıcı kimi qiymətləndirilməli olan bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Digər vacib məsələ isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaranacaq.
İşğaldan azad edilmiş torpaqların bərpası prosesinin artıq başladığnı bildirən ölkəmizin başçısı ilk “ağıllı kənd” layihəsinin məhz Zəngilan rayonunun Ağalı kəndində icra ediləcəyəni diqqətə çatdırdı. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Dövlətimizin başçısı düşmən əsarətindən azad edilmiş Laçın rayonunda Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasını işə saldı. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Məlum olduğu kimi, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir. Buna görə də vaxtilə burada bir çox stansiyalar olub. Düşmənlərimiz işğal dövründə bu stansiyalardan istifadə edib, bu əraziləri tərk edərkən bütün bu su elektrik stansiyalarını darmadağın edib. Hazırda ölkə başçısının tapşırığı ilə bu ərazilərdə erməni faşistləri tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edilməsi istiqamətində ciddi addımlar atılır. Belə ki, Laçın rayonu ərazisində 5 su elektrik stansiyası yenidən bərpa ediləcək. Kəlbəcər rayonunda isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu generasiya gücü ilə ərazilər bərpa ediləcək, beləliklə də bölgənin dayanıqlı enerji ilə təmin edilməsində ciddi nailiyyətlər qazanılacaq.
Ölkə başçısının qeyd etdiyi kimi, bərpa olunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları ən böyük potensiala malik olacaq: “Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin”.
44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarda hazırda bərpa-quruculuq işləri ardıcıl və sistemli şəkildə icra olunur. Bu baxımdan əminliklə demək olar ki, burada tikilən və bərpa olunan su elektrik stansiyaları bölgənin inkişaf və tərəqqisinə böyük töhfələr verəcək, Qarabağ nura qərq olacaq, “yaşıl enerji” zonası kimi bütün dünyaya nümunə göstəriləcək.

