Erməni faşizminin baş qaldırmasına bir daha imkan verilməyəcək
Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sarkisyan ölkədəki xaotik durumdan istifadə edərək yenidən siyasi meydana qayıtmağa çalışır. O, sərsəm fikirləri, qalmaqallı müsahibələri ilə gündəmdədir. Eks-prezident “Armnews” telekanalına verdiyi müsahibəsində vaxtilə rəhbərlik etdiyi dövlətin terrorçu olduğunu etiraf edib. O, Nikol Paşinyanı yaxşı terrorçu olmamaqda qınayır. Bildirir ki, niyə Ermənistanın baş naziri Azərbaycan əsgərlərinin kütləvi toplandığı əraziləri hədəfə almaq üçün “İsgəndər” raketindən istifadə etməyib. Bu azmış kimi, Sarkisyan Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrinin raketlə vurulmamasını qəbahət hesab edir. Onun fikrincə, neft-qaz layihələrini hədəfə almaq lazım idi. Bədnam Eks-prezident unudur ki, neft-qaz kəmərləri həm də Avropanın enerji təhlükəsizliyi məsələsidir. Bununla da Ermənistanın təkcə Azərbaycan deyil, bütövlükdə region üçün təhlükə olduğunu sübut edir. Sarkisyan Gəncəyə, Bərdəyə və döyüş bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən digər şəhərlərə raket zərbələrinin məqsədli şəkildə endirildiyini də etiraf edir. Hətta o, Gəncədə aeroportun vurulması əvəzinə mülki obyektə zərbə endirilməsini qeyri-dəqiqlik hesab edir. Etirafları ilə kimliyinə aydınlıq gətirən Serj Sarkisyanın terrorçu mahiyyəti bir daha təsdiqlənmiş olur.
Görünür, Sarkisyan bu cür revanşist açıqlamaları ilə ölkədə itirdiyi reytinqini bərpa etmək üçün xal qazanacağını düşünür. Bununla da Sarkisyan erməni cəmiyyətində fikir formalaşdırmağa çalışır: “Mən hakimiyyətdə olsaydım Paşinyanın etdiyi səhvləri etməzdim, məğlub da olmazdıq”. Amma görünən odur ki, S.Sarkisyan Nikol Paşinyanın səhvindən də nəticə çıxara bilmir. Anlamır ki, Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra nitqində bir daha Ermənistanda revanşist qüvvələrin baş qaldırmağa çalışdığını bildirməklə düşmənə növbəti xəbərdarlığını etdi: “Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb”. Ölkə başçısının dəfələrlə dediyi kimi, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, məhz 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur.
Son açıqlamalarından da aydın olur ki, Serj Sarkisyanın mövqelərində heç nə dəyişməyib. Hətta onun səsləndirdiyi fikirlər bu insan qatilinin terrorçu kimi mühakimə edilməsi üçün də əsas verir. Qoy dünyada antiterror koalisiyasından, beynəlxalq terrorizmə qarşı birgə mübarizənin aparılmasından danışanlar bugünədək dəstəklədikləri, başına sığal çəkdikləri Ermənistanın həyata keçirdyi siyasətin əsl mahiyyətini etiraf etsinlər və beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirsinlər. Cinayətkar, terrorçu cəzasız qaldıqca daha böyük cinayət əməlləri, terror aktları törədir. Yaxın günlərdə 29-cu ildönümünü qeyd edəcəyimiz Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı olmaqla yanaşı, erməni vəhşiliyinin təzahürüdür. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində bu soyqırımının davamı olaraq Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində terror aktlarının şahidi oldu və susdu. Xalqımız tam əmindir ki, 30 ilin işğalına son qoyan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın cinayətkar əməllərinə beynəlxalq hüquq çərçivəsində qiymət veriləcək və dünyaya bir daha sübut ediləcək ki, Ermənistana dəstək olmaq işğalçılığı, terrorizmi, faşizmi dəstəkləmək deməkdir.

