İctimai nəqliyyatdan istifadə edənlərə də vaksin vurulmalıdır
Pərvanə Vəliyeva: Yaz aylarında İngiltərə variantının bütün Avropada yayılması ilə virusun 3-cü dalğasının yayılması ehtimal olunur
“Koronavirusun mutasiyaya uğraması gözlənilən idi, viruslar adətən ayda bir dəfə dəyişiklikliyə uğraya bilər, bu da ildə 24-30 dəfə mutasiya deməkdir. Lakin son zamanlarda yaranan hər üç variantda bir ildə yığıla biləcək qədər mutasiya var və onların genləri haqqında məlumat yoxdur. Virus təkamül keçirdiyi müddətdə onun genetikasının necə dəyişdiyi alimlər tərəfindən izlənilə bilməyib. Koronavirusla mübarizədə vaksinasiyanın başlaması ümidləri artırsa da, Böyük Britaniya, Cənubi Afrika və Braziliyada ortaya çıxan yeni mutasiyalar elm dünyasını ciddi narahat edir. Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şura üzvü Prof.Dr.Kənan Midilli virusun mutasiyasının böyük ehtimalla immun sistemi zəif olan, yəni virusa rahatlıqla cavab reaksiyası verə bilməyən və ya qan plazma müalicəsi almış insanlarda yaranmış və ondan sonra insanlar arasında yayılmağa başlamasını iddia edir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.
P.Vəliyevanın sözlərinə görə, İngiltərədə 1-ci variant, Cənubi Afrikada 2-ci variant və Braziliyada 3-cü variant mutasiyaların hər üçünün oxşar xüsusiyyəti daha sürətli ötürülmə və yayılma sürətinə malik olmalarıdır. İngiltərə variantının əvvəlki COVİD-19 virusundan ən az 30% daha artıq yoluxucu olması müəyyən edilib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yeni variantların yoluxuculuq qabiliyyətinin daha yüksək olmasına baxmayaq, onlar əvvəlki virusla eyni dərəcədə ölüm və ya ağırlaşmalar yaradır. ÜST vaksin istehsalçılarına tövsiyyə edir ki, COVİD-19 əleyhinə peyvənd istehsalında yeni variantları da nəzərdə saxlasınlar. Bəzi peyvəndlər var ki, onların tərkibinin dəyişdirilməsinə ehtiyac olmur, məsələn qızılcaya qarşı peyvənd. Lakin elə peyvəndlər var ki, məsələn, influenzaya (qripə) qarşı peyvəndlərin strukturu hər il yayılan ştammlara uyğun olaraq dəyişdirilməlidir. Mövcud peyvəndlərin yeni variantlar üzərində nə qədər effektiv olacağı barədə araşdırmalar davam etdirilir, ancaq onların ağırlaşma hallarından qoruya biləcəyi də istisna edilmir.
Kifayət qədər peyvənd olarsa, prioritet əhali qrupunun həcmini daha da artırmaq olar
Ekspert qeyd edib ki, ilin əvvəlində bir çox ölkədə yoluxma saylarının azalması müşahidə olunsa da, hazırda ən çox yoluxma Portuqaliya, İsveçrə və Danimarkada qeydə alınır və Portuqaliyada yoluxan şəxslərin 60%-də virusun İngiltərə variantı ilə yoluxma olduğu bildirilir. Yaz aylarında İngiltərə variantının bütün Avropada yayılması ilə virusun 3-cü dalğasının yayılması ehtimal olunur. Virusun üç müxtəlif mutasiya variantının meydana gəlməsi ilə peyvəndləmə prosesi daha da sürətlənməli, qısa zaman kəsiyində peyvəndlər bütün ölkələr üçün əlçatan olmalıdır. Bununla yanaşı, peyvənd istehsalı da sürətlənməlidir. Üçüncü dalğanın nə vaxt gələcəyini demək çətindir, dünya hazırlıqlı olmalı, əvvəlki yayılma dönəmlərindən öyrənilmiş dərslərə əsasən hər kəs qaydalara əməl etməyi davam etdirməlidir.
Həmsöhbətimiz əlavə edib ki, əsas tövsiyə budur ki, karantin rejiminin yumşaldılmasına baxmayaraq infeksiyaya nəzarət tədbirlərini, fərdi qorunma vasitələrindən istifadəni davam etdirmək vacibdir. Maskadan istifadə, əllərin təmiz saxlanılması və ara məsafənin gözlənilməsi virusla mübarizədə sübut olunmuş effektiv və ən asan qorunma vasitələridir. Gigiyena qaydalarına əməl edilməli, peyvənddən qorxmamalı, vaksinasiya prosesi cəmiyyətdə təşviq edilməlidir. Hətta kifayət qədər peyvənd olarsa, fikrimcə, prioritet əhali qrupunun həcmini daha da artırmaq olar. Bu istiqamətdə hər gün ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində olan, evdən işləmək imkanı olmayan insanlara da vaksin vurulmasını tövsiyyə edərdim. Çünki ictimai nəqliyyatda yoluxma riski həmişə yüksəkdir.

