Sosial 

Bakı “qar sınağı”ndan necə çıxdı?- “Ev tapşırığı”nın öhdəsindən gələ bilən və bilməyənlər…

Daha az təsadüf etməsi səbəbindən Bakı şəhərinə qarın yağmasını səbirsizliklə gözləyənlər olsa da, bu təbiət hadisəsinin  nəticələrinin qısa zamanda aradan qaldırılması daha çox insanı maraqlandırır. Bu mənada paytaxtın növbəti “qar sınağı”ndan necə çıxması, əvvəlki illərlə müqayisədə kommunal təsərrüfatın “ev tapşırığı”nın öhdəsindən necə gəlməsi onların fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.

Əvvəlcə ondan başlayaq ki, bir neçə gün əvvəl bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağının gözlənildiyi elan edilmişdi.  Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənildiyi, 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal olunduğu deyilirdi. Bu, aidiyyəti qurumlara ciddi hazırlıq üçün əsas verirdi.

Ancaq…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) fevralın 24-də yaydığı məlumatda  qurumun gecə boyu gücləndirilmiş iş rejimində çalışdığını, gecədən başlayaraq Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edildiyi vurğulanıb.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini bəyan etmiş digər qurum- “Azərsu” isə  istehlakçıların diqqətinə çatdırmışdı ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərinddə quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır: “Abunəçilər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu”yun 24 saat fəaliyyət göstərən 955 “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər”.

“Baş direktor qaz təchizatında hər hansı bir problem yaranıbsa, bunu, abunəçilərdən özü dinləmək istəyib”

Digər qurumlardan fərqli olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev fevralın 23-də saat 23:00-da özünün “Facebook” sosial şəbəkəsindəki hesabından canlı yayım təşkil etmişdi. Bununla da baş direktor havaların kəskin dəyişməsi ilə bağlı qaz təchizatında hər hansı bir problem yaranıbsa, bunu, abunəçilərdən özü dinləmək istəyib. Qurumdan təqribən 40 dəqiqə davam edən yayıma 7 minə yaxın “Facebook” izləyicisi qoşulduğu bildirilib: “Statistik analiz göstərir ki, bir çox abunəçilər qazın təzyiqindən razı olub. Bəzi yerlərdə isə xırda problemlər müşahidə olunub”.

“Azəriqaz” bununla da kifayətlənməyib və istehlakçılara əlavə xidmət də təklif edib: “Kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, quruma müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq”.

“Ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq”

“Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş qurumlardan olub. Qurum istehlakçılara müraciət edərək bildirmişdi ki, elektrik enerjisi təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

“Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar Qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq”,-deyə  qurumun növbəti açıqlamasında bildirilmişdi.

“8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb”

Müşahidələr  onu deməyə əsas verir ki, qarlı və çovğunlu hava şəraiti Bakıda daha çox avtomobillərin hərəkətinə öz təsirini göstərib. Təkcə Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Ümumilikdə isə məlum hava şəraitinin ilk günündə maddi zərərlə nəticələnən 40-dan çox yol-nəqliyyat hadisəsi baş verib.

Yollardakı vəziyyət müntəzəm marşrut xətləri üzrə daşımalara da təsir göstərib. Belə ki, gecikmələrlə  bərabər, fevralın 24-də xəttə çıxmayan avtobuslar da olub.

“Hələ sovet dövrünün sonlarından bu günə qədər Bakı heç vaxt qar sınağından tam üzü ağ çıxa bilməyib”

İqtisadçı Eldəniz Əmirov deyir ki, Bakı çox az miqdarda qar yağması zamanı bu sınaqdan həmişə uğurla çıxıb. Çünki, bu miqdarda olan qar hansısa rəsmi qurumun müdaxiləsinə ehtiyac olmadan bir necə dəqiqə ərzində əriyib yox olub. Amma nə zaman ki yağınti miqdarı çox olur, əsl problemlər onda başlayır: “Mən uşaq olandan – hələ sovet dövrünün sonlarından bu günə qədər  Bakı heç vaxt qar sınağından mütləq mənada tam üzü ağ çıxa bilməyib”.

E. Əmirov “İki sahil”ə bunun obyektiv və subyektiv səbəblərindən danışıb:  “Obyektiv tərəfi budur ki, Bakıda qar nadir hallarda yağır. Hətta deyərdim ki, 5-6 ildə bir biz belə qar görürük. Bu isə qarla mübarizə aparan komandaların peşəkar səviyyədə qalmasına imkan vermir.  Gəlin təsəvvür edək ki, hər il Bakıya noyabrın 15-dən başlayaraq, martın sonuna qədər qar yağır. İlk 4, ya 5 gün çox ciddi problemlər yaşanacaq, bunun ardından tədricən bu sahədə çalışanların davranış peşəkarlığı artacaq. Eyni zamanda, vətəndaşlarda qarlı-buzlu yollara uyğunlaşacaq. Avtomobil şinlərinin mövsümə uyğunlaşdırılmasından tutmuş, digər texniki çatışmazlığın aradan qaldırılması sahəsində fərqli nəticələr görə bilərik. Lakin qar 4-5 ildə bir ya iki gün olduğundan sürücülərin belə qarlı havada avtomobil idarə etmə təcrübəsi formalaşmır”.

Ancaq müsahibimiz bu barədə çatışmazlığın kökündə duran problemin böyük hissəsinin subyektiv amillərə söykəndiyini vurğulayır.  Qeyd edir ki, sadaladığı obyektiv səbəblər hansısa quruma və sürücüyə haqq vermir ki, mövsümdə gözlənilən qar yağması zamanı öhdəsinə düşənlərə məsuliyyətsiz yanaşsın.

İllər üzrə Bakıya qar yağdıqca aidiyyatı qurumların bu zaman öz öhdəliklərini necə yerinə yetirməsi məsələsinə gəldikdə isə E. Əmirov bildirib ki,  onlar üzərlərinə düşənlərin öhdəsindən gözləntilərə uyğun gələ bilmirlər: “Yalnız təsəlliverici bir məqam odur ki, ciddi təhlil aparanda görmək olur ki, bu sahədə ümumi olaraq irəliləyiş müşahidə edilir.  Hər sonrakı qar sınağı özündən əvvəlki ilə müqayisədə nisbətən daha yuxarı səviyyədə adlandılır. Bunu inkar etmək ədalətsizlik olardı.

“Elektrik enerjisi ilə təchizatda problemlərlə bağlı müxtəlif yerlərdən gələn şikayətlərin ardı-arası kəsilmirdi”

Gəlin, qar yağması ilə əlaqədar  gücləndirilmiş iş rejiminə keçən  qurumları xatırlayaq.  Bakı Şəhəri İcra Hakimiyyəti, AAYDA , “Azərişıq”, “Azəriqaz”, “Azərsu” və digər nisbətən səfərbəredilən qurumlardır. Lakin bunlardan bu beş qurum qar sınağından uğurla çıxmaq üçün daha böyük məhsuliyyət daşıyır. Bunların hər birinin fəaliyyətinə nəzər salanda gördük ki, “Azəriqaz”  bu məsələyə ali rəhbərlik səviyyəsində səfərbər olundu. Mütəmadi, hətta gecə saatlarında “Azərqaz”ın  rəhbəri şəxsən vətəndaşlarla “Facebook” üzərindən canlı yayımlar etdi, sualları cavabladı, problemləri dinlədi. Onun bu cəsarətli və məsuliyyətli addımı özünə əminlikdən qaynaqlanırdı. Biz bu 2-3 gün ərzində məhz qazla təminatda bəzi yerlərdə azalmalar olsada böyük ölçüdə problemlər yaşamadıq. Digər vaxtlarda problemləri aşıb-daşan “Azərsu” isə etiraf edək ki, bu sərt günlərdə pis təsir bağışlamadı. Bəzi yerlərdə cüzi problemlər, təzyiqin azaldılması isə başadüşülən idi. Şaxtada donmalar və digər təhlükəsizlik baxımından aşağı təzyiqdən istifadə edirdilər. Amma digər qurumlar haqqında bunları demək mümkün deyil. Elektrik enerjisi ilə təchizatda  problemlərlə bağlı müxtəlif yerlərdən gələn şikayətlərin ardı-arası kəsilmirdi. Abşeron rayonu ərazisində bu daha ciddi şəkil almışdı. İnsanlar elektrik təminatının olmaması səbəbindən qızdırıcların işləmədiyini, soyuğun ciddi problem yaratdığını, elektriklə işləyən bəzi avadanlıqların belə donma səbəbindən sıradan çıxdığında şikayətlənirdilər”.

Digər iki quruma gəldikdə isə müsahibimiz Bakı şəhəri İcra Hakimiyyəti və AAYDA tərəfindən çevik reaksiyanı müşahidə etməyib: ”AAYDA sonradan qar təmizləmə, duz-qum səpmə prosesinə gec də olsa müdaxilə etdi və 10-12 saat sonrada olsa,  qurumun balansında olan mərkəzi yollarda təmizləmə işləri aparıldı”.

“Biz öz zəif yerlərimizi də gördük”

Qeyd edək ki, yolların qardan təmizlənməsi barədə deyilənlərə Bakı Şəhər İcra Hakimiyyətindən reaksiya verilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında deyib ki,  fevralın 24-də səhərə yaxın tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi. O, 12 saat dayanmadan qar yağdığını nəzərə alınmalı olduğunu diqqətə çatdırıb:“Küçəni təmizləyirdilər, 1-2 saatdan sonra həmin küçəyə yenidən qayıtmalı olurdular. Biz öz zəif yerlərimizi də gördük. Ancaq hesab edirəm ki, kommunal xidmət öz vəzifəsinin öhdəsindən gəldi.

Bakıda beş minə qədər küçə mövcuddur. Bu beş min küçəni eyni anda qardan təmizləmək mümkün deyil. Bu proses qrafik əsasında həyata keçirildi”.

 

 

 

Daha çox xəbərlər