Sosial 

“175 Yükdaşıma və Evakuasiya” şirkətindən sığınacaqdakı qadınlara dəstək – FOTO/VİDEO

Qadına qarşı məişət zorakılığı bütün dünyada olduğu kimi ölkəmizdə də daha çox rast gəlinən sosial problemlərdən biridir. Son illərdə ölkəmizdə bu vacib problemlə mübarizə üçün intensiv işlər aparılır. Bunun nəticəsində zorakılığa məruz qalan qadınların və uşaqların sığınacaq ehtiyaclarını ödəmək üçün yerlər fəaliyyət göstərir. Qadın sığınacaqlarının məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlara şiddətdən uzaq və əlverişli şəraitdə onların müvəqqəti yaşayışını təmin etməkdir.

Ölkədə fəaliyyət göstərən bir çox dövlət qurumları və özəl şirkətlər həssas davranaraq bu istiqamətdə layihələr həyata keçirir. Bunlardan biri də 8 mart ərəfəsində “175 Yükdaşıma və Evakuasiya” xidmətinin “Həyatı Yaşadanlar” layihəsidir. Şirkət əməkdaşları Binəqədi rayonunda yerləşən Qadın və Uşaq sığınacağında məskunlaşan qadınlara və uşaqlara baş çəkir, onlara maddi və mənəvi dəstək göstərir.

Şirkətin rəhbəri Faiq Ağamoğlanov layihə haqqında qeyd etdi ki, “Biz də şirkət olaraq qadınların cəmiyyətdəki rolunu, hüquq bərabərliyini dərk edir və daima bu mövzunu diqqətdə saxlayırıq.

Hesab edirik ki, qadınlara qarşı hər hansı zorakılıq, qadınların cəmiyyətdəki iştirakının təcridi, onların hüquqlarının pozulması yolverilməzdir. Məhz bu məsələyə həssas yanaşdığımız üçün davamlı olaraq “Həyatı Yaşadanlar” adlı layihəni həyata keçiririk. Layihə çərçivəsində xüsusi günlərlə yanaşı, digər günlərdə də mütəmadi olaraq bu tip sığınacaqlara baş çəkirik. Sığınacaq sakinlərinin yeni həyata başlamaları üçün onlara hərtərəfli dəstək olacağıq”.

Daha çox xəbərlər