Rayonlara gediş-gəlişə yenidən qadağa qoyulur? – AÇIQLAMA
Bu gün Azərbaycanda rekord sayda koronavirusa yoluxma və ölüm halı qeydə alınıb. Belə ki, koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib. Yoluxmaların sayının artması yenidən sərtləşmə ehtimalını ortaya çıxarır. Hətta rayonlara gediş-gəlişin yenidən qadağan edilməsi ilə bağlı fikirlər səsləndirənlərdə də var. Rayonlara gediş-gəlişə yenidən qadağa qoyula bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bayram günlərində rayonlara gediş-gəlişin bağlanması gözlənilirdi:
“Lakin bu reallaşmadı. İnsanlar 9 gün ərzində rahat şəkildə rayonlar gedə bildilər. Əsas da böyük şəhərlərə. Düşünürəm ki, insanlar bu məqamda vaksinasiyaya üstünlük verməlidir. Düzdür, son günlər “COVAX” şirkətinin atdığı addımlar ürəkaçan deyil. Ümid edirəm ki, yaxın günlərdə bu problem həll ediləcək və vaksinasiya hər kəs üçün əlçatan olacaq. Hər kəs düşünmədən vaksinasiyaya getməlidir. Çünki bu çox önəmlidir. Vaksinasiya bu xəstəliyi ağır keçirməkdən qoruyur. Ancaq karantin rejiminin yenidən sərtləşməsi məsələsinə gəldikdə isə ümid edirəm ki, yenidən qapadılmalara gedilməyəcək və rayonlara gediş-gəlişə məhdudiyyət qoyulmayacaq. Əlbəttə bu insanlarımızın qoyulan qaydalara əməl etməsindən asılıdır. Vətəndaşlarımız qoyulan qaydalara əməl etməli, qapalı yerlərdə sosial məsafəni gözləməlidirlər. Bütün bunla dəfələrlə deyilsə də təəssüf ki, bəzi insanlar qaydalara əməl etmir. Məhz onlara görə də insanlar bu xəstəliyə yoluxurlar. Hazırki vəziyyət ürəkaçan deyil. Yoluxma sayı artıq 2000-ni keçib. Bu rəqəm hər birimizi qorxudur. Hesab edirəm ki, belə bir məqamda hər birimiz məsuliyyətimizi dərk edib, qoyulan qaydalara əməl etməliyik”.

