Düşmənin onurğa sütununu əyən Aprel döyüşləri
Tarixə Aprel döyüşləri, Aprel müharibəsi və ya dördgünlük müharibə kimi daxil olan 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı terrorçu xuntanın hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə Dağlıq Qarabağda 12 may 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri baş vermiş ən böyük hərbi qarşıdurma, ən şiddətli döyüşlər idi.
Aprel döyüşləri Azərbaycan tərəfinin qələbəsi ilə yekunlaşdı və nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşmən tapdağından azad olundu. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tamamilə yenidən quruldu və beləliklə də Böyük Qayıdışın təməli qoyuldu. Aprel döyüşlərindən sonra da Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirdi. Məhz Tovuz və Naxçıvan istiqamətindəki döyüşlər bunun bariz nümunəsidir.
2016-cı ilin Aprel döyüşləri göstərdi ki, illər ərzində modern silahlarla, maddi texniki təminatla təchiz olunan Azərbaycan Silahlı Qüvvələri bütün göstəricilərə və parametrlərə görə erməni ordusunu qat-qat üstələyir. Bir çox xarici ekspertlərin də qeyd etdiyi kimi Aprel döyüşləri Azərbaycan ordusunun modernləşdirilməsinin praktiki nəticə verməsinin ilk uğurlu nümunəsi oldu. 44 günlük müharibə ərzində Ermənistan ordusunda xidmətdən yayınma, fərarilik halları yaşanırdısa Azərbaycanın qismən səfərbərlik elan etməsinə baxmayaraq mərd Azərbaycan oğulları bir nəfər kimi könüllü şəkildə orduya yollanmaq üçün gün sayırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi biz bu qələbəni əhəmiyyətsiz danışıqlarla yox, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına əldə etmişik. O əsgər, zabitlər ki, öz ölümləri ilə Aprel döyüşlərində bizim böyük Zəfərimizə işıq tutmuş oldular.
2016-cı il Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, şanlı hərb səlnaməmizə düşən Zəfərdir. Beş il əvvəl, 2020-ci ildə qazandığımız qələbənin təməli məhz o zaman qoyuldu. Aprel döyüşlərinin təcrübəsi, əldə olunan biliklər, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini keçmək bacarığı bizi əldə etdiyimiz uğura apardı. Məhz aprel döyüşləri düşmənə, onun havadarlarına Azərbaycan Ordusunun gücünü, qələbə əzmini sübut etdisə, bütün dünyaya da Azərbaycanın tarixi ədaləti bərpa etməklə öz dədə-baba, əzəli torpaqlarından əl çəkməyəcəyini göstərdi. Aprel qələbəsi və yekun Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin müasir dövrün ən yaxşı ordularından biri olduğunu və modern müharibə qanunlarına uyğun olaraq səmərəli fəaliyyətini nümayiş etdirdi.
Hal-hazırda müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və prinsipiallığı ilə Şanlı Ordumuzun əldə etdiyi Zəfəri, Azərbaycanın regionda yaratmış olduğu yeni geosiyasi reallığı həzm edə bilməyən, Türkiyə-Azərbaycanın möhkəm və sarsılmaz birliyindən qıcıqlanan dairələr hələ də mənfur əməllərlə məşğuldurlar. Belə ki, bəzi mənbələrin Şanlı ordumuz haqqında mənfi yüklü məlumatlar yaymalarına, tarixi qələbəmizə kölgə salmaq cəhdi göstərməklərinə baxmayaraq bu gün bütün xalqımız hər ötən gün öz rəhbərinin ətrafında daha da sıx birləşir, xain qüvvələri birmənalı şəkildə rədd edir. Çünki bu xalq əmindir ki, illərlə Vətən həsrəti ilə çat vermiş dodağımıza su verən, Vətən qürubu ilə yanan ürəyimizi Vətənə qovuşmaqla sərinlədən, bu xalqı məhv olmağın astanasından qurtarıb əsil xilaskarlıq missiyası həyata keçirən Ümummili lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan, bütün təzyiqlərə, təhdidlərə mərd və mərdanə şəkildə sinə gələrək Azərbaycanın milli maraqlarını əzmlə, prinsipiallıqla müdafiə edən, ərazi bütövlüyümüzü təmin edən ölkəmizin başçısı cənab İlham Əliyevdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqızımın xilaskarı ümumilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, müasir dövrdə xalqımızı bütün dünyada qürurlu və məğrur xalq kimi tanıdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin və bu torpaqlarda biz, bizim övladlarımız firəvan yaşasınlar deyə gözlərini belə qırpmadan əziz canlarından keçən Aprel şəhidlərimizin, qazilərimizin xidmətləri qarşısında dərin ehtiramla baş əyirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!
Şəbnəm Həsənova,
Politoloq

