Xalqa və Vətənə ləyaqətlə xidmət edən – MÜZƏFFƏR LİDER
Hicran Hüseynova: Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, xalqımızın həyatı firavan olacaq
“Son illər Azərbaycan bir dövlət olaraq yalnız inkişaf yolunu tutaraq, öz ali məqsədləri üçün etibarlı münbit şərait yaratmaq üçün bütün imkanları səfərbər etmişdi. Əgər ümummilli lider Heydər Əliyev XX əsri 90-cı illərində xilaskarlıq missiyasını yerinə yetirdisə, cənab İlham Əliyev isə XXI əsrin ilk illərindən bu günümüzə qədər Azərbaycanın suveren hüquqların təmin edən, ərazi bütövlüyünü bərpa edən müzəffər sərkərdə oldu. Hələ 2003–cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edən cənab İlham Əliyev demişdi ki, “əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm.” Bəli, ölkə başçı İlham Əliyev ötən bu illər ərzində bütün fəaliyyətini xalqımızın rifahına, dövlətimizin, iqtisadiyyatımızın, ordumuzun güclənməsinə həsr etmişdir. Aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışında tarixi çıxış edən cənab İlham Əliyev bir çox mühüm məsələlərə toxundu və 18 ilə yaxın hakimiyyəti zamanı görülən işlərin hesabatını verdi, gələcək planları səsləndirdi.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, bu gün biz Vətən müharibəsində əldə olunmuş Qələbə ilə fəxr edirik: “Bu Qələbəni təmin edən hüquqi, siyasi baza olmalı, müstəqil iqtisadi imkanlar yaradılmalı, güclü, nizamlı ordu qurulmalı idi. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın maraqlarına uyğun, onun ərazi bütövlüyünü, suveren hüquqlarını tanıyan önəmli qərarlar və qətnamələr qəbul edildi. Cənab Prezidentin dediyi kimi, bəziləri elə hesab edirdi ki, bu sənədlərin əhəmiyyəti yoxdur. Ancaq 44 günlük müharibə zamanı bu sənədlər əsas hüquqi və siyasi istinad sənədləri oldu. BMT Baş Assambleyasının qərarı, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti fakt qarşısında qalaraq və Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər. Əgər bu, olmasaydı, müharibə dövründə bizə qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki məlum təşəbbüsü nəticə verə bilərdi. Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Bu layihələrdən əldə olunan vəsait ordumuzun müasir silahlarla təmin olunmasına, eləcə də, ölkənin müdafiə sənayesinin yaradılmasına təkan verdi.”
Milli Məclisin komitə sədri vurğulayıb ki, həmin çıxış zamanı diqqət çəkən məqamlardan biri də Ermənistanın iqtisadi cəhətdən dalana çevrilməsi məsələsi idi: “Azərbaycana, onun rəhbərinə edilən təzyiqlərə baxmayaraq, regionda bütün nəqliyyat, kommunikasiya, enerji xətləri elə çəkildi ki, Ermənistan bütün layihələrdən kənarda qaldı, onlardan yan keçdi. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya Sədri, həm Prezident, həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövləti ildən ilə öz qüdrətini artıraraq dünya miqyasında söz sahibinə çevrilmişdir. 2018-ci ildə növbəti dəfə xalq cənab İlham Əliyevə etimad göstərdi və böyük səs çoxluğu ilə prezident seçildi. Ötən 3 il bir çox məsələlərlə yadda qalmışdır: sosial, iqtisadi, siyasi, idarəetmə sahəsində aparılan islahatlar Azərbaycan vətəndaşının həyat tərzinin yüksəlməsinə, dövlətimizin iqtisadi və siyasi dayaqlarının daha da güclənməsinə, daxili sabitliyin qorunmasına xidmət etmişdir. 2019-ci il ərzində iki dəfə minimum əməkhaqqı artırıldı, ilk dəfə minimum əmək haqqı səviyyəsi yaşayış minimumunu keçdi. 2019-cu ildə 4 milyondan çox vətəndaşın sosial müdafiəsinin təmin olunması istiqamətində ödənilən vəsaitlərin həcmi artırıldı. Büdcə təşkilatlarında əmək haqları 2 mərhələdə artırıldı. Minimum pensiya məbləği 2 dəfə artırıldı. İqtisadiyyatda çox ciddi struktur dəyişiklikləri həyata keçirildi. Korrupsiyaya qarşı mübarizə gücləndirildi, regionların inkişafına xüsusi diqqət artırıldı, ciddi kadr dəyişklikləri ilə idarəetmə daha da mükəməlləşdirildi. Xüsusilə gənc kadrların irəli çəkilməsi bu sahədə inqilabi dəyişiklik oldu və müsbət nəticələr göz qarşısındadır. Parlament seçkiləri keçirildi və bu sahədə də islahatlar öz bəhrəsini verməkdədir. Hazırda ölkədə yeni siyasi konfiqurasiya, siyasi mədəniyyət və dialoq mühiti formalaşmışdır.”
Professor onu da bildirib ki, son üç ilin ən yadda qalan hadisəsi şübhəsiz ki, 44 günlük Vətən Müharibəsi oldu: “Prezident seçkiləri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün var gücü ilə çalışacağını deyən ölkə başçısı 44 günlük müharibə ilə öz üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı. Ali Baş Komandan fəaliyyəti dövründə erməni işğalının aradan qaldırılması üçün yorulmadan, heç bir təzyiqə, təhdidə baxmayaraq həm sərkərdə, həm siyasətçi, dövlət başçısı kimi mübarizə aparırdı. Məhz mübarizə! Təkcə 44 gün ərzində ölkə başçısının verdiyi müsahibələri təhlil etsək görərik ki, bu sözün əsl mənasında mübarizə idi. Cənab İlham Əliyev bu mübarizədən, müharibədən Qalib çıxdı. Prezidentin mahir diplomatiyası, qətiyyəti, siyasi iradəsi, əksər ölkə başçıları üçün örnək olan liderlik qabiliyyəti sonda Azərbaycanı beynəlxalq arenada sayılan dövlətlərdən birinə çevirdi. Azərbaycan bütün dünyanı əhatə edən koronavirus infeksiyasına, pandemiyaya qarşı mübarizədə seçilən ölkələrdən biridir. Ötən il pandemiya şəraitində qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadi müvazinətini əzmlə qorudu. Ölkəmizdə bir sıra ciddi sosial layihələr həyata keçirildi. Atılan addımlar, operativ şəkildə modul tipli xəstəxanaların quraşdırılması, tibbi və gigiyenik vasitələr istehsal edən zavodun tikilməsi və nəhayət, Avropada başladılan vaksinasiya prosesindən cəmi bir ay sonra Azərbaycanda peyvəndlənmə işlərinin başlanması hökumətin vətəndaşların sağlamlığına verdiyi önəmin nümunəsidir. Ölkə başçısı İlham Əliyev insan faktorunu üstün tutduğunu bəyan etdi: “Mənim seçimim birmənalıdır – insanların sağlamlığı”. Bu qədər səmimi və inamlı səslənən fikir bir daha sübut edir ki, dövlət insana və onun saglamlığına yüksək dəyər verir, bütün imkanları səfərbər edir ki, onu təhlükədən qorusun. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfəsini verir. Eyni zamanda COVID-19 pandemiyasına qarşı mübarizədə aktiv rol oynayan Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyanın güclü və nüfuzlu dövlətlərini bir araya gətirməyi bacaran, qlobal proseslərin önündə gedən, yer üzündə ədalətin, bərabərliyin müdafiəsi üçün səy göstərən və lider dövlətləri buna sövq edən söz sahibidir. Bütün bunlar isə Azərbaycanın dünyada getdikcə geosiyasi əhəmiyyətini artırır.”
H.Hüseynova diqqətə çatdirib ki, ölkə başçısı İlham Əliyev xalqın inamına və dəstəyinə arxalanaraq böyük uzaqgörənliklə, strateji hədəfləri müəyyən edərək, siyasi qətiyyət və iradə göstərərək həm Azərbaycanda, həm Cənubi Qafqazda, həm də bölgədə və dünyada yeni reallıqlar yaradıb: “Bu reallıq “Böyük Qayıdış” üçün görülən işlərdir, yeni nəqliyyat-kommunikasiya, loqistika, enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrinin həyata keçirilməsidir. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, xalqımızın həyatı firavan olacaq.”

