İdman 

Mahir Emreli üçün reklam bazarlığı: Menecerlərin gördüyü “ən yaxşı iş”

Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı növbəti dəfə Avropa klublarından biri ilə çəkilməyə başlanılıb.

Bu dəfə vaxtı ilə “Qarabağ”ın avrokuboklardan kənarlaşdırdığı Polşanın “Visva” klubunun Mahiri istədiyi bildirilir. Bərəkallah! Dünən üç dəqiqəyə üç qol vurub, bu gün artıq Polşanın daha bir tanınmış klubu ona elçi düşdü.

Menecer (futbol agenti) işi yenə öz sözünü deyir. “Qarabağ”la müqaviləsi bitən oyunçunun hansısa kluba keçməsi üçün bu tarixi addım azərbaycanlı menecerlərin gördüyü ən yaxşı işdir. Deməli, hansısa futbolçusunun qiymətini yüksəltmək üçün hansısa ölkənin tanış meneceri ilə əlaqə saxlayırlar. O, menecer vasitəsilə mətbuat nümayəndəsinə xəbər ötürürlər ki, klub bu azərbaycanlı futbolçunu istəyir.

Deyək ki, polşalı mətbuatı da həmin məlumata inanaraq onu tirajlayır. Hətta xəbəri nəşr edərkən polşalı menecerin “Mahiri İtaliya, Portuqaliya, Belçika, Xorvatiya və Macarıstan klubları da istəyir” cümləsi xəbərin cazibədarlığını daha da artırmış olur. Məsələn, heç Mahiri tanımayan Polşanın “Leqiya” klubu “görək, bu futbolçu kimdir, biz də bir maraqlanaq” deyərək transfer hədəfinin bir küncünə Mahiri də qoyur. Gördüyünüz kimi, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”. Mahir Emreli bir andaca Polşa çempionatının liderinin maraq dairəsinə düşür.

Meneceri üçün bu transfer alınsa, əla. Alınmasa da bir problem olmur. Bəhanə qoşmağa yüz cür səbəb var. “Maliyyə məsələsində anlaşa bilmədik” – bunlardan ən asan tapılan bəhanə vasitəsidir. Adətən belə olan halda futbolçu daha yaxşı şərtlə Azərbaycanda daha yaxşı müqaviləyə imza atmış olur.

İtaliya, Portuqaliya variantları ilk dəfə çəkilsə də, Mahirlə bağlı Macarıstanın adı ilk dəfə çəkilmir. “Ferentsvaroş”un Azərbaycan əsilli sahibi Qabor Qubadov Mahiri istəyir” cümləsində azərbaycanlı menecerin əl işinin izləri görünür. Əvvəla, biz artıq dəqiq bilirik ki, “Ferentsvaroş”un sahibi olan iş adamı Qaborun soyadı Qubadov yox, Kubadovdur. Adamın Azərbaycanla – Naxçıvanla yaxından-uzaqdan əlaqəsi olmayıb. Kubadov bolqar kökənlidir. Deməli, “Ferentsvaroş” məsələsi boş söhbətdir.

Bəs digərləri? Bunu bilmək üçün “Qarabağ”la əlaqə saxlamaq kifayətdir. Klubun direktoru Əmrah Çəlikəl: “Bizimlə heç bir klub Mahirə görə rəsmi əlaqə saxlamayıb”.

İndi deyək ki, Mahirin klubla müqaviləsi başa çatır. Axı, biz Mahirin “Qarabağ”la müqaviləsi davam edən vaxtlarda belə, onun adının Türkiyə klubları ilə çəkilməsinin, amma Ağdam təmsilçisinə heç bir təklifin gəlmədiyini bilirik.

Təklif gələn Bəhlul Mustafazadə kimi olar. Adama Danimarka klubundan rəsmi təklif gəldi, “Sabah” da bunu təsdiqlədi. Sadəcə, “Sabah” klubunun yanlış və heç bir məntiqə sığmayan addımı səbəbindən transfer baş tutmadı.

Azərbaycanlı futbolçular arada millinin heyətində olarkən düşünsünlər: niyə bizim heyətdəkilərin heç biri legioner karyerası yaşamır? Futbolçuya reklam lazımdır, amma reklam üçün bir az da oyun lazımdır. Oyun olduqdan sonra reklam daha real görsənir.

Qeyd: Mahir Emreli özü haqda spekulyasiyaların artmasına səbəb olmaq istəmirsə, bu yay ölkə xaricinə getmək üçün özündə cəsarət tapmalıdır.

Daha çox xəbərlər