Prezidentin “Çinar mesajı” və “beşinci kolon”un savadsızlar sürüsü…
Prezident İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarında səfərdə oldu, bir sıra tədbirlərdə iştirak etdi. Ölkə başçısı ailəsi ilə birgə səmimi şəkillər də çəkdirdi, fikirlərini ictimaiyyətə çatdırdı. Lakin düşünməyin ki, Prezident İlham Əliyevin səmimi görüntüləri ancaq xatirə üçündür. Xeyr, səmimi şəkillərdə, videokadrlarda bir siyasi mesaj, fəlsəfə var. Elə Prezidentin ailəsi ilə birlikdə yaşı 100-200 il olan Çinar ağacı ilə çəkilmiş şəklində olduğu kimi…
Çox təəssüflər olsun ki, fəaliyyətində Prezident İlham Əliyevi, ailəsini hədəfə alan, patoloji nifrət hisslərinə görə keçirdiyi stress və sarsıntıları səbəbindən şər, böhtan atan Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Tofiq Yaqublu, Mehman Hüseynov kimi “5-ci kolon” təmsilçiləri bu dəfə də dövlət başçısının jestlərinə savadsız münasibət bildirdilər, özlərini intellekt səviyyəsi mənfiyə düşmüşlər kimi apardılar. Bu adları çəkilən və onların ətrafında xor oxuyanlar qanmadılar ki, Prezident İlham Əliyev və ailəsi qədim Çinar ağacının ətrafında şəkil çəkdirməklə həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinə siyasi mesajlar ötürmüş oldu…

Heç bilirsinizmi ki, dünəndən Ermənistan mediası niyə susmur? Baxın, ey qafil düşənlər, ermənilər dünyaya car çəkir ki, Prezident İlham Əliyev guya onlara məxsus ərazilərə gəlib. Nostalgiya yaşayırlar ki, bir vaxtlar biz oralarda idik. Amma indi əsl sahibləri gəlib. Hətta, artıq bu meşələrin, ağacların sahibləri erməniləri həmin Çinar ağaclarını məhv etdiklərinə, kəsib satdıqlarına görə cəzalandıracaq, təzminatını alacaq. Bax budur, qədim Çinar ətrafında çəkilən şəklin ilk mesajı. Təbii olaraq ermənilərin bu əndişəsini “5-ci kolon” təmsilçiləri görmədi, görə bilmədi, yaxud görmək istəmədi…
Yaxşı, bəs, “5-ci kolon” birinci siyasi mesajı görmədisə, heç olmasa Zəngilandakı Çinar meşələri ilə bağlı tariximizi xatırlayardı. Əgər bu sahədə də qafildirlərsə, onlara birdəfəlik dərs olsun deyə, Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutan Zəngilanın Çinar meşəsi haqqında yazım.
Azərbaycanın Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii Çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada birinci meşədir. Cənubun nəhəng ağacı adlanan Zəngilan Çinarı dünyada bitən 8 Çinar növündəndir.
Azərbaycan Xalq Cümhuriyyəti zamanında sahəsi 120 hektara yaxın olan Zəngilanda Çinar meşəsi bütünlüklə Azərbaycana məxsus idi. Azərbaycanda sovet hakimiyyətinin elə ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə ermənilər keçmiş sovet himayədarlarının əli ilə Çinar meşəsinin də bir hissəsi işğal etmişdilər. XX əsrin 90-cı illərində Ermənistanın təcavüzü nəticəsində digər tarixi və mədəni abidələrimiz kimi Zəngilan Çinar meşəsi də düşmən tərəfindən vəhşicəsinə talan edilmişdi. Ötən 30 il ərzində isə həmin meşələri kəsib satıblar, məhv ediblər.
Lakin dünən həmin Çinar meşələrini erməni işğalından azad edən ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev şəkil çəkdirməklə nəinki Zəngilanın, hətta bütün Zəngəzur ərazisindəki Çinar meşələrinin də sahiblərinin qayıtdığını bütün dünyaya nümayiş etdirdi. Bəli, məhz həmin Zəngəruz məsələsini deyirəm və çox uzatmıram…
Əlqərəz, əgər “5-ci kolon” təmsilçiləri Prezident İlham Əliyevin adi şəkillərdəki, videolardakı siyasi mesajını anlamırlarsa, o zaman siyasətdən getsinlər. BU təfəkkürsülüklə siyasətdə nə edəcəklər ki? Yox, əgər yazdıqlarını anlaqlı şəkildə edirlərsə, demək ki, əndişəyə düşmüş pul kassalarının sifarişlərini yerinə yetirirlər. Bu da əlbəttə ki, müvəqqəti haldır. Halınıza acıyıram…

