Əsas səhifə 

İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  Azərbaycan mədəniyyətini  Şuşaya qaytaran «Xarıbülbül» musiqi festivalının dağlarda əks-səda doğuran  çal-çağır səsi mənfur düşmənə verilən ən tutarlı cavab oldu

“Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq.” Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan   İlham Əliyev  torpaqlarımız işğaldan azad edildikdən sonra     Qarabağın tacı Şuşamıza ilk səfəri zamanı bəyan etdiyi  bu istəklər artıq reallıqdır. Ölkə Prezidentinin Sərəncamı əsasında Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Cənab İlham Əliyevin Şuşaya ikinci səfəri Novruz bayramına təsadüf etdiyi üçün  Cıdır düzündə Novruz tonqalı yandırıldı və bu məkandan işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar ünvanlandı. Dövlətimizin başçısının Qarabağın döyünən ürəyi  Şuşamıza üçüncü səfəri daha mühüm, dünyaya səs salan tarixi hadisə ilə yadda qaldı. 29 ildən sonra Cıdır düzündə «Xarıbülbül» festivalı keçirildi və cənab İlham Əliyev bundan sonra bu tədbirin ənənəvi olaraq keçiriləcəyinə əminliyini ifadə etdi. Uzun fasilədən sonra yenidən doğma Şuşaya qayıdan “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Xalqımız  bu unudulmaz     günlərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Milli Ordumuza minnətdardır. «Torpaqdan pay olmaz, ömürdan pay olar» deyib silaha sarılan, canı, qanı bahasına Zəfər yazıb şəhidlik zirvəsinə yüksələn əsgərlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı bildirir ki, Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.

Xalqımız 6 aydır  yeni həyatın başlandığını böyük qürur hissi ilə qeyd edir. Bir il bundan əvvəl  işğalçı qüvvələr, Ermənistanın baş naziri  Nikol Paşinyan  bizim üçün müqəddəs olan Cıdır düzündə  heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmiş, «Yallı» getmişdilər. Bütün dünya  bundan xəbərdar olsa da, ədaləti maraqların arxasında gizlətməkdə davam edirdi.  Ermənilər isə bu dəstəkdən ruhlanaraq Şuşanı erməniləşdirməyə, öz əraziləri kimi təqdim etməyə cəhd göstərirdilər. Amma bugünün mənzərəsi bir daha sübut edir ki, ədalət deyilən məfhum var, ən əsası bütün münaqişəli məsələlərin həlli üçün beynəlxalq hüquq əsasdır. «İzi-tozu da qalmayıb burada, rədd etmişik» söyləyən cənab İlham Əliyev bildirir ki, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri  əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar.

Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilən Cocuq Mərcanlıda bərpa-quruculuq işləri həyata keçirilərkən dövlətimizn başçısı İlham Əliyevin təşəbbüsü ilə burada Şuşa məscidinə bənzər məscid tikildi. O zaman, Cocuq Mərcanlı  bərpa olunub sakinlərini qarşılayarkən cənab İlham Əliyev bəyan etdiyi «Gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik.» Həmin vaxtdan bizləri ayıran qısa zaman kəsiyində   Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasından, üçrəngli bayrağımızın dalğalanmasından  qürurludur.  Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabrda Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqımıza  çatdırarkən bu məqamı da böyük qurur hissi ilə qeyd etmişdir ki,  dəfələrlə  Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim: «Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!»

«Xarıbülbül» musiqi festivalı bir daha bu birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Tolerant ölkə olan Azərbaycanda yaşayan müxtəlif xalqların, millətlərin  musiqi yaradıcılığının təqdimatı ilə  tədbir iştirakçılarının, həmçinin Qarabağın tacı Şuşamızın görüşünə gələn «Xarıbülbül» dünyaya bir daha birlik, həmrəylik, sülh mesajını ünvanladı. Bu festival Azərbaycanın multikultural dəyərlərin inkişafına növbəti töhfəsidir.

Dağlar qoynunda yerləşən, iqtisadi inkişafı, müasir görünüşü, strateji əhəmiyyəti ilə fərqlənən  qədim Şuşaya  sahiblənmək ermənilərin  ən böyük arzuları idi. Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra  Xankəndidə toplanan erməni silahlıları 1992-ci il mayın 7-dən 8-nə keçən gecə şəhəri dörd tərəfdən atəşə tutaraq Şuşanı işğal etdilər. Milli satqınların  xəyanətinin qurbanı olan Şuşa,  çal-çağırlı, qonaqlı-qaralı Cıdır düzü, təbiətin yetişdirdiyi nadir bitkilərdən olan xarı-bülbül   ermənilərin əlinə keçdi.

Bu gün artıq Şuşa  azaddır. Ölkə Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin başçılıq etdiyi müzəffər ordumuzun gücü, qüdrəti sayəsində  işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşdu.  «Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» söyləyən dövlətimizin başçısı İlham Əliyev  bu fikirlərinin davamı olaraq “Xarıbülbül» musiqi festivalında bildirdi ki, Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından  su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır: «Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!»

Dövlətimizin başçısı  İlham Əliyevin ilk olaraq düşmən tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin,  unudulmaz sənətkar Bülbülün büstlərini 28 ildən sonra doğma yurduna qaytarması,  Şuşaya ilk səfəri zamanı  «Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib» söyləyərək  Qarabağın tacının  işğaldan azad edilməsini düşmənə vurulan ən böyük zərbə  adlandırması 44 günlük Vətən  müharibəsi dövründə xarici mətbuata  çoxsaylı müsahibələri zamanı «Şuşasız işimiz yarımçıq olar» fikrinin reallığa çevrilməsindən keçirdiyi qürur hissinin təsdiqidir.  Şuşanın işğaldan azad edilməsi daim bir çağırış, tələb idi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev vədinə əməl etdi. 30 ilə yaxın  düşmən əsarətində qalan torpaqlarımızı döyüşə-döyüşə  azad edən, düşmənə sarsılmaz zərbə vuran, bütün dünyaya Azərbaycanın hərbi qüdrətini göstərən əsgərlərimiz  müharibə tarixinə yeni səhifələr yazdılar. Şuşanın əvvəlki görkəminə qaytarılacağını bildirən  Prezident İlham Əliyevin  «Xarıbülbül» festivalının keçirilməsi, dahi şair  Vaqifin məqbərəsinin bərpa olunması, Vaqif poeziya günlərinin təşkili ilə bağlı  göstərişlərinin əsasında da milli ruha, mənəvi dəyərlərə bağlılıq duyğuları  əks olunur.

İşğaldan azad edilmiş torpaqlarımızda  yeni həyatın başlaması üçün quruculuq və bərpa layihələri uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 44 günlük müharibənin Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatmasından sonra işğaldan azad  edilmiş rayon və  şəhərlərimizə səfərlərini böyük qürurla, sevinc hissi ilə  reallaşdırması atılan addımların uğurlu nəticələrinin təqdimatı kimi dəyərləndirilir.  44 günlük müharibə milli mənliyimizi özümüzə qaytardı. Azərbaycanın  ərazi bütövlüyünün bərpası ölkəmiz  üçün  beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Azərbaycan 30 ilə yaxın müddətdə  erməni qəsbkarları tərəfindən   maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın  yenidən həyata qaytarılması, cənnət-məkana çevrilməsi üçün quruculuq layihələrinin icrasına başlayıb.

Ölkə Prezidenti İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi, onun ardınca «Xarıbülbül» festivalının keçirilməsi   Qarabağın incisi, musiqimizin məbədi və  beşiyi olan füsünkar  Şuşamızın  işgaldan azad edilməsindən keçirdiyimiz qürur hissinin aydın mənzərəsini yaradır. Heç təsadüfi deyil ki, Şuşanın işğaldan azad edildiyi tarix  Zəfər Günü kimi təsis edildi. Dövlətimizin başçısının  qeyd etdiyi kimi, Şuşa  nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.” Şuşada Cıdır düzündə muğamız səsləndi, 32 ildən sonra  “Xarıbülbül” festivalı bərpa edildi.  Cıdır düzündən bir daha  «Qarabağ Azərbaycandır!» səsləndi.

Daha çox xəbərlər