Ermənistanın hərbi iflası informasiya məğlubiyyəti ilə davam edir
Prezident İlham Əliyevin yeni təbliğat strategiyası işğalçı ölkəni və himayədarlarını çıxılmaz vəziyyətə salır
Bu gün birmənalı şəkildə demək olar ki, istər müharibə, istərsə də postmüharibə dövründə Prezident İlham Əliyevin yeni informasiya strategiyası işğalçı Ermənistanın və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynadı və hazırda da bu siyasət uğurla davam edir.
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin, keçmiş dövlət və hökumət başçılarının iştirak etdikləri konfransların iştirakçılarının suallarının Prezident İlham Əliyev tərəfindən dolğun cavablandırılması, Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımından da çox uğurlu addımlardır.
Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı müzakirələrdə ona ünvanlanan suallara ölkəmizin başçısının verdiyi cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Burada Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Tədbirdə dövlət başçısının səsləndirdiyi fikirlər həm də onu göstərdi ki, Ali Baş Komandanımız təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. Regionda yeni bir dövrün başlandığını vurğulayan Prezident erməni təbliğatına hətta düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Azərbaycan Prezidenti tam fərqli informasiya strategiyası ilə çıxış etdi. Sonuncu tədbir də Azərbaycanın informasiya məkanında Ermənistanın yalanlarını ifşa etdiyini göstərdi.
Bir sözlə, yeni informasiya strategiyası müharibə dövründə Ermənistan-Azərbaycan münaqişəsi, Vətən müharibəsi haqqında həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, postmüharibə dövründə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi-hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməyə şərait yaradır.
Bu gün qalib ölkə kimi bölgədəki mövqelərini bir qədər də möhkəmləndirən Azərbaycan yeni reallıqlara uyğun qaydaları özü müəyyənləşdirir. Postmüharibə dövründə yeni inkişaf və əməkdaşlıq əlaqələrinin yol xəritəsini hazırlayan Prezident İlham Əliyev məğlub Ermənistana da düşdüyü acınacaqlı durumdan qurtuluş yolunu göstərir.
Prezident İlham Əliyev keçirdiyi bütün tədbirlərdə, görüşlərdə, yerli və xarici mətbuata verdiyi müsahibələrdə əsl həqiqətləri dünyaya çatdırmaqla Azərbaycanın mövqeyini ortaya qoyur. Bütün bunlar təbii ki, dövlət başçımızın yeni informasiya strategiyasının tərkib hissəsidir.
Ölkəmizin başçısı bütün çıxışlarında müharibədən sonra regionda yeni əməkdaşlıq əlaqələrinin yarandığını söyləyərək qlobal layihələrin gerçəkləşməsi istiqamətində də real zəmin formalaşdığını bildirib. İndi yeni layihələrin ərsəyə gəlməsi üçün çox yaxşı imkanlar yaranıb və bu imkanlardan hətta Ermənistan da yararlana bilər.
Lakin məğlub ölkə kimi Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatındakı bəzi müddəaların reallaşdırılması istiqamətində üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırmaq istəyir. Müxtəlif bəhanələr gətirilir və işlər yubanır. Bu azmış kimi, Ermənistandakı bəzi revanşistlər Qarabağda təxribatlar törədəcəkləri ilə bağlı sərsəm fikirlər səsləndirirlər. Azərbaycan Prezidenti bu qüvvələrə, Ermənistan rəhbərliyinə xəbərdarlıqlar edib.
Xatırladaq ki, Prezident İlham Əliyev hələ müharibə başlamazdan öncə də Azərbaycan torpaqlarındakı erməni hərbçilərinə bu cür xəbərdarlıqlar etmişdi və bunun nəticəsi onlar üçün çox ağır oldu. Yenə də Prezident konfranslardakı nitqlərində, müsahibələrində ünvanlı mesajlar səsləndirməklə bir daha xatırladır ki, dəmir yumruq yerindədir və istənilən an istənilən təxribatın qarşısını almaq üçün işə düşə bilər.
Prezident İlham Əliyev həm 44 günlük savaş dövründə, həm də postmüharibə zamanı mətbuata verdiyi müsahibələrdə bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirdi və onlara sistemli yanaşma nümayiş etdirdi. Siyasi və hərbi ekspertlər də birmənalı şəkildə ölkəmizin başçısının müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqini, intellektini, diplomatik məharətini, dünyada, regionda baş verən hadisələr, cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirdilər.
Vurğulamaq lazımdır ki, məhz 44 günlük Vətən müharibəsinin qızğın döyüşləri zamanı Azərbaycanın haqq səsini nüfuzlu xarici KİV-lər vasitəsilə dünya birliyinə çatdıran Ali Baş Komandanımızın verdiyi hər bir qərar Qarabağın işğaldan azad edilməsi prosesində Qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.

