Siyasət 

Azərbaycan narahatdır – Prezidentdən böyük dövlətlərə növbəti mesaj

Bu gün dünyanın bir çox ölkələri COVİD-19 pandemiyası ilə mübarizədə əlacsız qaldığı bir zamanda Azərbaycan növbəti yumşalmalara getdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində insanların çoxdan gözlədiyi metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi kimi qərarlar verildi.

Azərbaycan pandemiyanın lap ilk günlərindən COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı atdığı addımlar, gördüyü praktiki tədbirlərlə adından söz etdirməyi bacardı. Ötən gün Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında iştirak edən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı gördüyü və qarşısına qoyduğu planlar barədə çox önəmli açıqlamaları ilə diqqət çəkdi.

2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışladığını bildirən dövlət başçısı keçən il Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmasını xatırladaraq hazırda da ölkədə dünyanın əziyyət çəkdiyi virusla mübarizə tədbirləri barədə geniş məlumat verib.

Azərbaycanda COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi, Azərbaycanın qabaqcıl ölkələrdə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam etdiyi bir vaxtda yumşalma tədbirlərinə getmək mümkün olmasa da, Azərbaycan məhz belə bir şəraitdə uğurlu nəticələr əldə etməyi bacardı.

Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər birini əldə edən Azərbaycan höküməti vətəndaşlarının əvvəlki, normal, sağlam həyata qayıtması üçün bu gün bütün imkanlarını səfərbər edib. Bu barədə elə Prezident İlham Əliyev də Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında çıxışı zamanı fikirlərini bildirdi. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejiminin tədricən yumşaldıldığından söz açan dövlət başçısı cari ilin yanvar ayının ortalarından etibarən Azərbaycanda vaksinasiya prosesinə başlanıldığını və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edildiyini vurğulayıb. Prezidentin də açıqlamasından məlum olur ki, bu rəqəm əhalimizin 20 faizini təşkil edir ki, Azərbaycan belə qısa zamanda pandemiyanı önləmək məqsədi ilə vacib addımlar atmaqda davam edir.  Bu gün Azərbaycan dünyada vaksin alması və əhalinin vaksinasiyasına başlaması məsələsində öncüllər sırasında yer alır.

Prezident İlham Əliyev koronavirusla səmərəli mübarizənin təmin edilməsi üçün ardıcıl şəkildə güclü qlobal həmrəyliyi bu sessiyadakı çıxışı zamanı da təşviq etmədən keçmədi. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən narahatlığını dilə gətirən Azərbaycanın dövlət başçısı rəsmi Bakının bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pislədiyini xüsusilə qeyd edib. Prezident İlham Əliyev bu xüsusda növbəti çağırışını edib. O, Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyası vasitəsi ilə inkişaf etmiş ölkələri və donor təşkilatlarını yenidən inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırıb.

Daha çox xəbərlər