Əsas səhifə 

Şanlı Qələbə tarixdə əbədi qalacaq, bundan sonra Azərbaycan qalib dövlət kimi inkişaf edəcək

Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bu əminliyi ifadə etmişdir ki,  nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və  bundan sonra Ağdam şəhərində çox görüşəcəyik

«Mən bu 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.» Dövlətimizin başçısı İlham Əliyev Ağdama səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bu sevinci də paylaşmışdır ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır,  bir müddətdən sonra təsdiqlənəcək. Füzuli, Cəbrayıl və  digər şəhərlərin Baş Planları üzrə iş gedir.

Qeyd edək ki, səfər çərçivəsində  Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu.  Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası hazırlanıb. Şəhərin müasir standartlara,  tələblərə uyğun inkişaf planı artıq tam işlənib. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.

Hazırda  tarixi Qələbəmizin sevincini yaşamaqla yanaşı, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad  olunmuş şəhərlərimizə ardıcıl səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Cənab İlham Əliyev bu inamı ifadə edir ki,  Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik. Ölkə Prezidenti Rusiya Federasiyasının Prezidentinin bu  bəyanatını da daim diqqətə çatdırır ki,  bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyik.

Ağdamın ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha diqqəti   Azərbaycan dövlətinin 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həlli istiqamətində səylər göstərməsinə yönəldən cənab İlham Əliyev bildirmişdir ki, qırx dörd günlük müharibə bizim gücümüzü, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır. Çünki Azərbaycan əsgəri  hər gün  irəli gedirdi.  Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başladı.

Təkrar da olsa, bu faktları hər zaman qeyd etmək istəyirik ki, rəsmi Bakı dəfələrlə dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından bəyan etmişdir ki, biz imitasiya naminə danışıqlar aparmaq istəmirik. Mənasız, nəticəsiz danışıqlar yalnız münaqişənin həlli prosesinin uzanmasına xidmət edir. O zaman münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri-Rusiya, Fransa və ABŞ problemin hərb yolu ilə həllinin mümkünsüzlüyünü, sülh danışıqlarının səmərə verəcəyini bildirirdilər. Reallıqda isə tamamilə başqa bir mənzərə yaşanırdı. Ermənilərin işğal edilmiş ərazilərimizdə qurduqları istehkamlar onların heç zaman torpaqlarımızı geri qaytarmaq niyyətində olmadıqlarını sübut edirdi. Eyni zamanda, yeni ərazilər uğrunda müharibə planı hazırlayan işğalçı dövlətdən  torpaqlarımızı geri qaytaracağını gözləmək real idimi? Sadəcə görünən tərəflərdən biri bu idi ki, Ermənistan hakimiyyəti düşünmürdü ki, Azərbaycan Silahlı Qüvvələrinin belə əks-hücum əməliyyatı ilə üzləşəcək, güclü, qüdrətli ordumuz onları diz çökdürəcək, 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların  edə bilmədiklərini edəcək. Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Dünyaya sübut edildi ki, beynəlxalq hüquq, ədalət deyilən məfhum var, sadəcə bugünədək maraqların arxasında əriyib. 30 ildən sonra ATƏTin Minsk qrupunun həmsədri olan dövlətlərin Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu təsdiqləyən bəyanatla çıxış etməsi təbii ki, dövlətimizin uğurlu və düşünülmüş  siyasətinin nəticəsidir. Dünya gördü ki, bu torpaqların sahibi Azərbaycandır. Ermənilərin istər torpaqlarımızı işğal altında saxladıqları, istərsə də işğaldan azad edildikdən sonra 10 noyabr razılaşmasına uyğun olaraq qaytarmaları ərəfəsində etdikləri vəhşiliklərdən  nə zamansa bu torpaqların öz sahibinə qayıdacağını, onlara məxsus olmadığını bildiklərini bir daha nümayiş etdirdilər. Ölkə Prezidenti Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edərək  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə   bu məqamı da xüsusi qeyd etdi ki, Respublika Gününü Ağdam şəhərində qeyd etməyimizin çox  böyük rəmzi mənası var: «Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.» O da bildirilmişdir ki, bu mərasim üçün  başqa vaxt da müəyyən oluna bilərdi: «Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.»

Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edən bir dövlətin hansı inkişafdan danışdığını qeyd etməklə yanaşı, bu siyasətin Ermənistanı uğursuz ölkəyə çevirdiyini xüsusi vurğulayır. Siyasətində müstəqil olmayan bir dövlət təbii ki, daim başqa bir dövlətdən asılı olacaq.  Azərbaycan müstəqil siyasət həyata keçirən dövlətdir. Bu, hər sahədə atılan addımlardan aydın görünür. Dövlət maraqları hər şeydən öndə saxlanılır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq Azərbaycan bütün dövlətlərlə münasibətlərini bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında qurur. Azərbaycan  başqa ölkələrin əlində alət olmayıb, olmayacaq.  Bütün bu uğurları  müstəqil siyasət sayəsində əldə etmişik. Reallıq budur ki, Azərbaycanın müstəqil siyasəti bəzi ölkələrin xoşuna gəlmirdi. Ölkəmizə  olan təzyiqlərin səbəblərinin biri də məhz  müstəqil siyasət aparmağımız,  öz yolumuzla getməyimiz, heç kimin sözü ilə oturub-durmamağımız,  heç kimin qarşısında baş əyməməyimizdir.

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasında yarılması idi. Sirr deyil ki,  1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat ayaq tutub yeriyirdi.  Erməni lobbisinin yalan məlumatlarına  əsasən Azərbaycan dünyada işğala məruz qalan deyil, işğalçı dövlət kimi tanınırdı. 1992-ci ildə ABŞ Konqresinin ölkəmizə qarşı tətbiq etdiyi “Azadlığı müdafiə aktına” ədalətsiz 907-ci düzəliş də bunun bariz nümunəsidir. Azərbaycan torpaqları işğal edilirdi, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanıyaraq ölkəmizi  humanitar yardımdan məhrum etmişdi. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilmədi. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  informasiya müharibəsində qələbə qazandı. Azərbaycan  bir çox ölkələrdə Xocalı faciəsinin  soyqırımı kimi tanıdılmasına nail oldu.

Son 17 ildə Azərbaycanı diplomatik  uğurları davamlılığı ilə diqqət çəkir. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini  qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi.  Hazırda Azərbaycan BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərakatına sərdlik edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi: «Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır.»

Dövlətimizin başçısı İlham Əliyev daim   uğurlar fonunda bu reallığı da xüsusi qeyd edir ki,  möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, yol, perspektivə işıq salan hədəflər uğurların davamlılığını şərtləndirir. 30 ilə yaxın  müstəqillik tarixinə malik olan Azərbaycanın ilk müstəqillik illərini, yəni 1991-1993-cü ilin iyununadək  olan dövrü bir kənara qoysaq, 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından başlanan  yol ölkəmizə yalnız və yalnız uğurlar qazandırıb.  Cənab İlham Əliyev son 17 ildə xalqa müraciət edərkən dəfələrlə deyirdi ki, biz daha güclü olmalı, daha qüdrətli ordu qurmalıyıq. Çüni bu gün dünyada güc amili həlledici rol oynayır.

44 günlük İkinci Qarabağ müharibəsi bir daha təsdiqlədi ki, haqq-ədalət,  beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Məhz gücümüzün kifayət qədər  olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdı. Ölkəmiz son 17 ildə gücləndi, Azərbaycanın ən güclü ordusu formalaşdı, gənclərimizdə torpaq, Vətən sevgisi daha da artdı. Hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, Zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırırdı.

Bu gün 30 ilə yaxın  müstəqillik tarxinə malik olan Azərbaycana hansı sahədən baxış keçirsək yalnız və yalnız davamlı uğurların şahidi olarıq. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini həyata keçirdiyi siyasətin önündə saxlayan ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi uzaqgörən siyasətinin göstəricisidir. Ölkəmizi 1991-1993-cü illərin xaosundan, anarxiyasından, iqtisadi böhranından çıxaran ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də  «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu.  Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Yeni-yeni sazişlərin imzalanmasına, layihələrin gündəmə gətirilməsinə və icrasına geniş yol açdı. «Əsrin müqaviləsi»nin 23 illiyi ərəfəsində «Yeni əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən  mövqeyinin təqdimatı oldu.

44 gündə cəbhə bölgələrimizdən gələn qələbə xəbərləri sonda bir daha bu sevinci yaşayacağımıza əsas verirdi.  Bu gün Azərbaycan bütün sahələrdə inkişaf və tərəqqi dövrünü yaşayır. İşğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır.  Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək,  müstəqilliyin üstünlükləri göz qabağındadır.  Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq. Dövlətimizin başçısı hər çıxışında Azərbaycanın müstəqillik tarixində keçdiyi yola nəzər salaraq bu fikri bəyan edir ki, müstəqillik  atributlarla ölçülmür. Müstəqil olmaq müstəqil siyasət yürütməkdir. Azərbaycan hər sahədə atdığı addımları ilə müstəqil dövlət olduğunu və müstəqil siyasət həyata keçirdiyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin   “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində söylədiyi bu əminliyi bir daha xatırlatmaq istərdik:   “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Əminik ki, o gün uzaqda deyil”.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, artıq o sevinci yaşadıq. Qarabağa yeni nəfəs gəlir. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hazırlanan bərpa planlarının uğurlu icrasını, şəhər, kənd və qəsəbələrimizin əvvəlkindən daha da yaxşı vəziyyətə  qayıtmasını təmin edəcək.  «Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq» söyləyən dövlətimizin başçısı bildirir ki, müharibə  şanlı tariximizdir: «Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan.» 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının necə məğrur, yenilməz, tarixinə, torpağına sahib çıxmaq üçün bütün çətinlikləri dəf edən, «Vətəndən pay olmaz» prinsipini reallıqda təsdiqləyən, torpaqlarımızda gözü olanlara öz yerini göstərməyi bacaran xalq olduğunu göstərdi. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq: «Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, – bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir.»

Daha çox xəbərlər