Bütün dünya görəcək ki, planlarımız həyatda gerçəkləşir
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən sistemli işlər hədəflərə zamanında və yüksək səviyyədə nail olacağımıza əsas verir
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə «Nizami ili» elan edilsə də, tarixə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa dövrü kimi də yazılacaq. Tarixi Zəfərimiz bugünümüzü, qarşıdakı illəri əhatə edən Dövlət proqramlarına, inkişaf konsepsiyalarına yenidən baxılmasını, əlavələr edilməsini, həmçinin yeni sənədlərin qəbulunu zərurətə çevirir. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» deyilənlərin təsdiqidir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Ölkə Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə 2021-ci il üçün planlarını və tapşırıqlarını açıqlayarkən bildirmişdir ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: «Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.»
İşğaldan azad edilmiş ərazilərdə işlərin başlanılmasına başlıca maneələrdən biri bu torpaqların Ermənistan tərəfindən minalanması, ən əsası minalanmış sahələrin xəritələrinin verilməməsidir. Bu baxımdan minaların təmizlənməsi xeyli vaxt itkisinə səbəb olur. Artıq Ağdam şəhərində bu proses başa çatdığından şəhərin Baş Planının təqdimatı oldu. Növbəti mərhələdə bu işlər Şuşada həyata keçiriləcək. Ərazilər tam şəkildə minalardan təmizləndikdən sonra azad olunmuş ərazilərdə bərpa işlərinə başlamaq mümkündür. Bu torpaqlarda kənd təsərrüfatının inkişafı üçün bütün imkanlar mövcuddur. Məlumdur ki, son illər dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Bunun üçün rayonlar arasında ixtisaslaşma aparılır, konkret sahələrin inkişafına xidmət edən Dövlət proqramları təsdiqlənib və hazırda uğurla icra edilir. İşğaldan azad edilmiş torpaqların malik oluqları potensial da nəzərə alınaraq bu məqsədə daha yüksək səviyyədə nail olmaq mümkündür. Belə ki, bu münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı xeyli artacaq. Ölkə Prezidenti İlham Əliyev bu istiqamətdə də yeni bazarların tapılması üçün müvafiq tapşırıqlarını verib.
Dövlətimizin başçısının Sərəncamı əsasında təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq. Xudafərin və Qız qalası hidroqovşaqlarında su elektrik stansiyaları qurulur. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyaları yaradılır. Bir sözlə, azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılacaq.
Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məslə kimi öndədir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu , dəmir yolu və hava limanının tikintisi prioritetdir. Yeni tikiləcək beynəlxalq hava limanları Qarabağ zonasını bərpa etmək, yüklərin daşınmasına, turizmin inkişafına böyük kömək olacaq. Zəfər yolunun qısa zamanda istifadəyə veriləcəyi bildirilir. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.
Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.
Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin hər biri yeni sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Bu, artıq torpaqlarımızın bundan sonra inkişafının qaçılmaz olduğunun təsdiqidir. Bu günlərdə Ağdam rayonuna səfər edən dövlətimizin başçısı İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdi. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.
O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Göründüyü kimi, qısa təhlil Qarabağın hansı potensiala malik olduğunun və onlardan səmərəli istifadənin hansı uğurlara yol açacağının aydın mənzərəsini yaradır. Çıxışlarında Azərbaycanın son 17 ildə qazandığı uğurlara, keçdiyi inkişaf yoluna diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev düzgün qurulan siyasətin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyimizi qorumağa əsas yaratdığını xüsusi qeyd edir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. İnfrastruktur layihələri ilə bağlı olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün çətinliklərə, işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.»

