Dünyanın hərb tarixini 44 gündə zənginləşdirən Azərbaycan Ordusu
Ordumuzun tarixi Qələbəsi hələ də dünyanı heyrətləndirməkdə davam edir
Müzəffər Azərbaycan Ordusunun 44 gündə Qarabağda həyata keçirdiyi misli-bərabəri olmayan Zəfər döyüşləri bütün dünyanı heyrətləndirdi. Məhz bu qətiyyətli döyüşlərin nəticəsi idi ki, qısa müddətdə 5 rayon mərkəzi, 4 qəsəbə və 300- ə yaxın kənd savaşla işğaldan azad edildi. Ən başlıcası isə alınmaz qala olan və Azərbaycanın qeyrət simvolu kimi dəyərləndirilən Şuşa şəhəri noyabrın 8-də azad edildi. Hətta qondarma «dqr»in qondarma rəhbəri Araik Arutunyan etiraf etməyə məcbur olmuşdu ki, Şuşa şəhərinə kim nəzarət etsə, Qarabağa tam nəzarət də onun olacaq.
Bəli, məhz ordumuzun bu rəşadətli döyüşləri mütləq Ermənistanı kapitulyasiyaya gətirib çıxarmalı idi. Məhz bu tarixi hadisə baş verdi. Belə ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar. Bu Bəyanat mahiyyət etibarilə Ermənistanın təslimçilik aktıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılıq verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, yalnız Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürəcəyi təqdirdə hərbi əməliyyatlar dayandırılacaq.
Artıq 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan edildi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkildi, yurda qayıdış ümidləri dirçəldi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu…
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. Xüsusilə alınmaz qala olan və sərt relyefə malik olan Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi isə nəinki, erməniləri, hətta dünyanın hərbi ekspertlərini hələ də heyrətləndirməkdə davam edir.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliy ilə qısa müddətdə -44 gün ərzində Ermənistanın məğlubiyyətə uğradılmasının əsas səbəbi isə güclü Azərbaycan Ordusunun yaradılması idi. Son 17 ildə Prezident İlham Əliyev nəinki güclü ordu yaratdı, həmçinin onun ən müasir silah təminatını da gerçəkləşdirdi.
Məhz bunun nəticəsi idi ki, hələ İkinci Qarabağ müharibəsinə kimi, Azərbaycan Ordusu düyanın ən qabaqcıl 50 ordusu sırasına daxil ola bilmişdi. Ötən on illər ərzində ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və elmin günün tələbləri səviyyəsinə qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi nəticəsində nəzərdə tutulan uğurlara nail olunub. Əldə edilən uğurlar barədə ölkəmizin başçısı demişdir: «Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik… Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib.»
Burada diqqət cəlb edən məqamlardan biri də son illər ərzində Azərbaycan Ordusunda keçirilən irimiqyaslı təlimlərdir. NATO-nun ən güclü ordusu hesab edilən qardaş Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirilən çoxsaylı hərbi təlimlərdə Ordumuz qarşıya qoyulan şərti hədəflərə yüksək peşəkarlıqla çatır.
Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərir.
Ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarilə ordumuzun güclənməsi ölkə başçısının qətiyyətli fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Ordusunun daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Xüsusi qeyd edilməlidir ki, işğaldan azad olunan rayonlarda NATO standartlarına müvafiq ən müasir hərbi hissələr yaradılıb.
Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə də asanlıqla qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq həyata keçirilən bütün tədbirlər Azərbayjan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb.
Hərbi məqsədlər üçün xərclərin artımı hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan Ordusunda ictimai nəzarət yaradılması isə ordu rəhbərliyinin ordu-cəmiyyət əlaqələrinə xüsusi önəm verməsindən xəbər verir.
Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bu baxımdan ötən illərdə ölkəmizdə keçirilən «ADEX» Beynəlxalq müdafiə sərgiləri də xüsusi əhəmiyyət daşıyıb. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin göstəricisidir. Xüsusi qeyd etmək lazımdır ki, ölkəmizin başçısı ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır.
Ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayrılır. Ən başlıcası isə NATO-da ən güclü orduya malik qardaş Türkiyə ilə hərbi əməkdaşlıq ordumuza yeni inkişaf perspektivləri verib. Bir sözlə, ötən illər ərzində Prezident İlham Əliyevin orduda islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi hərbi qüdrətimizin əsasında dayanır.
Bəli, bu bir həqiqətdir ki, öz ordusunu qurmayan, onu bəsləməyən xalq özgə ordularını bəsləyəcək. Bu tarixi deyim hər bir dövlətin güclü orduya sahib olmasını şərtləndirməklə bərabər, həm də güclü ordunu sülhün, əmin-amanlığın , müstəqilliyin qarantı hesab edir. Yəni güclü ordu düşməni işğaldan çəkindirən ən mühüm amildir. Bu anlamda Azərbaycanın da güclü ordusunun yaradılması milli dövlətimizin ən böyük tarixi uğurlarından biridir.

