Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı Azərbaycan xalqı bəxş etmişdir
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha bəyan etdi ki, Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha bu reallığı diqqətə çatdırmışdır ki, hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur: «Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq.»
Tariximizə yazılan Zəfər dövlətimizin başçısı İlham Əliyevin son 17 ildən artıq dövrdə atdığı qətiyyətli addımların, ölkəmizdə xalq-iqtidar birliyinin, xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamının və məhəbbətinin, onun ətrafında yumruq kimi birləşməsinin dünyaya təqdimatı oldu. Bu reallıq bir daha öz təsdiqini tapdı ki, ölkəsini güclü, qüdrətli, xalqının yenilməz, məğrur görmək istəyən lider daim gələcəyə hesablanmış strategiya üzərində çalışacaq, təqdim edəcək və onun uğurlu icrasına səy göstərəcək.
Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya günəş kimi doğmasına yol açan ulu öndər Heydər Əliyevin siyasi kursunun son 17 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi və siyasi müstəqilliyini təmin etdi, etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. Cənab İlham Əliyev qeyd etdiyimiz görüşdə bu məqamlara xüsusi diqqət çəkdi.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət, ərazi bütövlüyümüzün təmin olunması Heydər Əliyev siyasətinin uğuru, ölkə Prezidentimizin Ulu Öndərin vəsiyyətini şərəflə yerinə yetirdiyinin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bu məqamı xüsusi vurğulamışdır: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı beynəlxalq aləmdə çəkisinin, yerinin və rolunun artmasında ifadə olunur. Son 18 ilə yaxın dövrün xarici siyasət uğurlarından bəhs edərkən bu fikri böyük inamla qeyd edirik ki, sovetlər birliyinin dağılmasından sonra yaranan 15 dövlətdən yalnız Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. 155 ölkənin dəstəyini qazanmaq böyük uğur, diplomatik qələbə kimi dəyərləndirildi. Bu mühüm hadisə Azərbaycanın iqtisadi möcüzəsinin beynəlxalq aləmdə çəkisinə nə qədər təsir göstərdiyinin aydın ifadəsini yaratdı. Son illərdə Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən, dünyada əsl söz sahibinə çevrilən bir dövlət kimi adını müasir tariximizə yazıb. Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir. Azərbaycan sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. Hər zaman çıxışlarında «Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulur. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı ölkə kimi tanınan Azərbaycan növbəti uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr edir. 2020-ci ilin Zəfəri xoşbəxtliyimizin ən böyük göstəricisidir. Ölkəmizin sözünün imzası qədər dəyərinin artması, beynəlxalq hüquqa əsaslanan siyasəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini reallığa çevirdi. Dövlətimizin, cənab İlham Əliyevin qətiyyəti, dəyişməz mövqeyi sayəsində Azərbaycan Ordusu tarix yazdı. Bu tarix çoxəsrlik tariximizin ən parlaq səhifəsi kimi yaddaşlarda əbədi yaşayacaq.
Bu uğurumuzu şərtləndirən amillərdən biri də beynəlxalq qurumların Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri qərar və qətnamələrində, həmçinin imzalanan sənədlərdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, qeyd etdiyimiz kimi, iqtisadi uğurlarımız fonunda Ordumuzun artan gücü və qüdrətidir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından bəhs edərkən bu mühüm məqamı da xüsusi qeyd edir ki, ölkəmiz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb. Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada Azərbaycanın milli maraqları əsasdır. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi ölkəmizin yerləşdiyi bölgənin həssas olmasından irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyev bu məqama da xüsusi diqqət yönəldir ki, xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Biz özümüzü mümkün olan risklərdən öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya – bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk.” Azərbaycan artıq üçtərəfli, eyni zamanda, dördtərəfli formatda əməkdaşlıq əlaqələrinin qurulmasının təşəbbüsçüsü kimi çıxış edir və səylər öz müsbət nəticəsini verir. İkitərəfli əlaqələrin yol açdığı Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı da məhz ölkəmizdir. Bu formatlar isə öz növbəsində əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsini, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Qeyd edək ki, 10 noyabr Bəyanatının 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Zəngəzur dəhlizinin açılması regiona yeni ab-hava gətirəcək.
Azərbaycanın tarixi Qələbəsini şərtləndirən amillər sırasında diplomatik müstəvidə uğurlarımızdan bəhs edərkən Qoşulmama Hərəkatına sədrliyini xüsusi qeyd etməliyik. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə quruma sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir və verəcək. Azərbaycanın Qoşulmama Hərəkatının nisbətən yeni üzvü olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu məqamı mühüm uğurumuz, eyni zamanda, səylərin birləşdirilməsinin vacibliyi kimi qeyd edir.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri də yüksələn xətlə inkişaf etmişdir. Bu günlərdə Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən də bu əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən geniş bəhs etmişdir.
Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlığın prioritetləri» adlı sənəd qurumla ölkəmiz arasında əlaqələrin hazırkı səviyyəsinə işıq salır. Pandemiya dövründə Azərbaycanın birlik, həmrəylik çağırışlarını konkret əməli işdə təsdiqləyərək Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və bu istəyini reallaşdırması bir-birinə əks qütblərin COVID-19-la bağlı bir araya gəlməsinə əsas verdi.
Azərbaycanın diplomatik uğurları sırasında dünyada sülhün, təhlükəsizliyin təminatçısı kimi NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllinə biganə olub, son illərdə mövqeyində dəyişiklik etməsi NATO-nun mövqeyində olan dəyişikliyi də qeyd etməliyik. Baxmayaraq bu qurum dünyada təhlükəsizliyin, sabitliyin təminatçısı kimi çıxış edir, amma son illərə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqeyi ilə diqqət çəkib. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq NATO-nun Zirvə görüşlərində qəbul edilmiş bəyannamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək beynəlxalq münasibətlər sistemində mövqeyimizi daha da möhkəmləndirdi. Hərbi qüdrəti artan, dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun hazırlığı və döyüş qabiliyyəti NATO standartlarına cavab verir. Ölkəmizdə keçirilən «ADEX» beynəlxalq müdafiə sərgiləri, möhtəşəm hərbi paradlar, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən mindən çox adda hərbi təyinatlı məhsulun istehsal olunması Ordumuzun döyüş qabiliyyətinin, hərbi diplomatiyamızın yüksək səviyyəsini göstərir.
Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfə çoxşaxəlidir. Bunlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, onlar Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir. Aparılan siyasət hər zaman təhlükəsizlik, sabitlik və proqnozlaşdırıla bilməyə yönəlmiş qarşılıqlı əməkdaşlıq və dəstək üzərində qurulub.
Siyasətində müstəqil olan Azərbaycan bu mövqeyi ilə dünya birliyində əsl söz sahibinə çevrilib, cərəyan edən proseslərə təsir imkanları artır. Bu gün xarici siyasətimizin əsas məsələsi, yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi də öz həllini tapmaqla qarşıdakı dövr üçün yeni imkanların, üfüqlərin açılmasını təmin etdi.
Son 17 ildən artıq dövrün mühüm uğurlarından biri kimi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. İşğal altında olan torpaqlarımız azad olunub, öz tarixi sahibinə qayıdıb. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir.
Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 6 şəhər, 5 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın, siyasi Qələbəmizin dünyaya təqdimatı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parçası deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır.
Dövlətimizin başçısının bəyan etdiyi kimi, Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz.

