Sosial 

Polad Həşimov kimi ölmək…

Günay Malikqızı yazır … 

Ölümü də dəbə salmaq, arzulanan etmək mümkün olarmış… Bir evdə bir yaxşı kişinin ölümü o evin işığının həmişə yarıqaranlıq olmağı deməkdir. O evdə bir qadın həm ana, həm ata olmağa çalışsa da, heç bütövləşmir, həmişə yarımçıq qalır, yarısı yoxdur axı…

Bir evdə bir yaxşı atanın ölümü, o evdə övladın sevincinin ata nisgilli olacağı deməkdir. Güləcəksən, amma gizlincə ağlayacaqsan da… Atan göz yaşlarında səninlə olacaq…

Bir evdən bir yaxşı oğulun ölümü, dünyanın qaranlığa qərq olub daha heç vaxt işıqlanmayacağı deməkdir… Nəfəs alırsan, amma yaşamırsan…

Bir eldən igid bir oğulun Vətənin haqq işi üçün ölümü nə deməkdir? Oğlan uşağı dünyaya gələn hər evdə Polad doğulur. Ana olmağa hazırlaşan hər qadın Poladın anası olmaq istəyir. Atalar özlərinə Polad kimi oğul arzulayır. Qızlar Polad kimi igidlə ailə quracaqlarını xəyal edirlər.

Poladlar çoxalır. Bir ölüb, min dirilən etdi bu xalqı Polad Həşimov… Bu müharibə çox igidləri qara torpağa yar etdi, amma Polad o igidləri də diriltdi ölümü ilə… Nəfəsi dayandı, amma bir millətin qəhrəmanlıq təcəssümünə nəfəs verdi… İgid generalımız Polad Həşimov, biz sizi hər gün xatırlayırıq, sizi və Vətən üçün işıqlı dünyaya göz yuman heç bir şəhidimizi unutmayacağıq…

Daha çox xəbərlər