Sosial layihələr arasında şəhid ailələri və müharibə əlillərinə qayğı xüsusi yer tutur
Bu gün Azərbaycan vətəndaşı böyük qürur və fəxr hissi ilə deyə bilər ki, dövlətimizin başçısı İlham Əliyev hər zaman hər bir azərbaycanlının yanında olur, onların problemi ilə maraqlanır, rifahı və firavanlığının qeydinə qalır, xüsusən həssas kateqoriyadan olan vətəndaşların – şəhid ailələrinin, məcburi köçkünlərin, müharibə əlillərinin, müharibə veteranlarının, pensiyaçıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan fərman və sərəncamlar imzalayır. Bu kateqoriyadan olan vətəndaşların istər mənzil-məişət, istər sağlamlıq, təhsil, istərsə də işlə təminatı ilə bağlı bütün məsələlər Prezidentin diqqətindədir və dövlət başçımız onlara xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilir, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən sosial sahəyə hər zaman xüsusi diqqət göstərilir.

İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. 15 ədəd 9 mərtəbəli, 54 mənzilli evlərin sənədləri sahiblərinə təqdim edilib. Dövlətimizin başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb, onlarla söhbət edib.
Bundan öncə isə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim olunub. Mənzil təqdim edilənlər arasında Vətən müharibəsi şəhidlərinin ailələri və Vətən müharibəsi əlilləri də var. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri daim qayğı ilə əhatə olunduqlarına, onlara göstərilən sosial dəstəyə, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
İndiyə qədər dövlətimiz tərəfindən müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb. Bu işlər sırasında onların avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilir. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib. 2021-ci ildə isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son 6 ayda 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib. Şəhid ailələri və xəsarət alan hərbçilərlə bağlı Prezident İlham Əliyevin bu ilin iyun ayında imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzində 7 qurum üzrə 26 xidmət göstəriləcək. Yaxın iki ay ərzində bu cür mərkəzlər DOST mərkəzlərində fəaliyyətə başlayacaq.
Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə bu istiqamətdə ən böyük göstəriciyə nail olunub. Belə ki, ötən il 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Bu il isə 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub.
Emin Həsənli: Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, qazilərə göstərilən dövlət qayğısı ilbəil artır

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “İki sahil”ə açıqlamasında bildirdi ki, ümummilli lider Heydər Əliyev hər zaman şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərmiş, ilk dəfə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə mənzillər və avtomobillər vermiş, onların müalicəsi təmin edilmişdir. Cənab Prezident İlham Əliyev bu siyasəti yüksək səviyyədə davam etdirir.
E.Həsənli qeyd etdi ki, şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına, Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdü verilir. Yanvarın 1-dən etibarən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanlara verilən Prezident təqaüdləri artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. Şəhid ailələrinə və Qarabağ əlillərinə,Çernobil müharibəsinin, 20 Yanvar hadisələrinin iştirakçılarına mənzillər, müharibə əlillərinə avtomobillər verilir. Onların övladları təhsil haqqından azad edilir, sanatoriya, kurortlarda istirahəti təmin edilir, müalicələri dövlət hesabına qarşılanır. Müharibə əlilləri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə ən müasir protezlərlə təmin olunurlar, onlara xüsusi diqqət və qayğı göstərilir.
Həmsöhbətimiz əlavə etdi ki, cənab Prezident il ərzində bir neçə dəfə şəhid ailələri, müharibə veteranları ilə görüşür. Dövlət başçımız öz ad gününü, bir çox əlamətdar tarixləri onlarla birgə qeyd edir. Prezidentimiz şəhidlərə çox böyük hörmət və ehtiramla yanaşır, onları yüksək orden və mükafatlarla təltif edir. Onların ailələri daim diqqətlə əhatə olunublar. Bu, bütün cəmiyyət, məmurlar üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, qazilərə göstərilən dövlət qayğısı ilbəil artır, Prezident tərəfindən bu istiqamətdə xeyli fərman və sərəncamlar imzalanıb. Bu da ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Ekspert vurğuladı ki, Azərbaycanda Şəhidlər Xiyabanı rəsmi protokola daxil olan yerlərin siyahısındadır: “Dövlət himnində qeyd edilib ki, “səndən ötrü can verməyə cümlə hazırıq. Səndən ötrü qan tökməyə cümlə qadirik”. Bu sözlər şəhidlərimizə, qazilərimizə yazılıb. Kim canını qurban verir? Şəhidlərimiz. Ən böyük hüquq yaşamaq hüququdur. Şəhidlərimiz yaşamaq hüququndan keçib. Kim sağlamlığını qurban verir? Qazilərimiz. Qazilərimiz sağlamlıq hüququndan keçib. Vətən müharibəsi bir daha onu göstərdi ki, xalqımız qəhrəman xalqdır və Vətən uğrunda qurban olmağa hazırdır. Azərbaycan xalqı tarixin ən qəhrəman xalqıdır. Xalqımız daim yadelli işğalçılara qarşı mübarizə aparmış və bu mübarizə böyük qələbələr əldə etmişdir. Milli kimliyimizi, dinimizi, adət-ənənəmizi, torpağımızı qorumuşuq. Bu, hər zaman belə olacaq. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim bu kateqoriyadan olan insanlara diqqət, qayğı və yüksək ehtiram göstərir.”
Əsli Kazımova: Bu tendensiyanı xüsusilə pandemiya dövründə heç bir ölkədə müşahidə etmək mümkün deyil

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovanın sözlərinə görə, Xocahəsəndə şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış 810 mənzildən ibarət yaşayış kompleksi cənab Prezidentin şəhid ailələri və müharibə əlillərinə olan diqqətinin bariz nümunəsidir: “Dövlətin prioritet məsələlərindən birinə çevrilərək, ənənəvi hal alan bu kimi tədbirlər, olduqca önəmlidir. Bu tendensiyanı hazırda, xüsusilə pandemiya dövründə heç bir ölkədə müşahidə etmək mümkün deyil. Bu faktdır və bunu etiraf etmək gərəkdir.”
Partiya sədri xatırlatdı ki, hazırda dünyada pandemiyanın davam etməsinə rəğmən bir çox ölkələrdə iqtisadi-maliyyə çətinlikləri mövcuddur. Azərbaycanda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə nəinki təxirə salınmayıb, hətta Qarabağ müharibəsini belə, Zəfərlə geridə bıraxmağa nail olduq. Bu gün dünyada baş verən xaosa rəğmən ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Bu məsələ hər zaman dövlət başçısı üçün önəmli və təxirəsalınmaz məsələlərdən olub. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir”.
Göründüyü kimi, Azərbaycanda sosial sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Aparılan sosial siyasətin əsasında vətəndaş dayanır. Bütün bunlar bir daha təsdiq edir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Əhalinin sosial müdafiəsinin təmin edilməsi dövlətin üçün prioritetdir.

