Siyasət 

Azərbaycan Makron üçün Ruanda deyil…

Qarabağ müharibəsi və onun nəticələri dünyanın bir çox ölkələrində hələ də müzakirə edilməkdədir. Belə müzakirələrdən biri bu günlərdə Moskvada keçirilib. Orada real fikirlər səsləndirilib və işğalçı Ermənistanla onu hər yerdə müdafiə etməyə və yeni təxribatlara ümidləndirməyə çalışan Fransa prezidentinin təhrikçi siyasəti açıq tənqid olunub.

“Fransa prezidenti Emmanuel Makron ilə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Parisdəki görüşdə Qarabağda sabitliyi pozmaq üçün qərarlar veriblər. Təəssüf ki, Fransa və şəxsən Makronun dəstək vədləri ilə bu çirkin planın həyata keçirilməsinə başlanılıb. Yenə də hərbçilər ölür, atəş səsləri eşidilir, Ermənistan sülhə can atmır, əksinə, vəziyyəti ağırlaşdırır.”

Bu sözləri  rusiyalı politoloq, tarix elmləri namizədi, “Arxont” elmi jurnalının baş redaktoru Anton Bredixin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə yeni silahlı təxribatlarını şərh edərkən deyib. O, bildirib ki, rəsmi Paris müharibənin onun iştirakı olmadan dayandırılmasından narazı qalıb. Rusiyalı politoloq Fransa prezidentinin tutduğu mövqe barədə mənfi fikirlər səsləndirərək Makronu yalnız güc dili danışmaqda qınayıb: “Fransa bölgədə güclənməsini, özünün, Avropa və Amerika qoşunlarının gətirilməsini istəyir. Bunun üçün isə səbəb lazımdır. Fransız “strateqləri” müntəzəm təxribatlardan və bəlkə də açıq hərbi əməliyyatlardan daha yaxşı bir şey düşünə bilməyiblər.”

Ekspert əlavə edib ki, nə Azərbaycan, nə də Rusiya təxribatlara seyrçi qalacaqlar: “Yeganə sual budur ki, təxribatlar və hərbi əməliyyatlar davam edərsə, Qərb öz qoşunlarını regiona göndərəcəkmi? Şübhəsiz ki, Qarabağ ərazisinə deyil, Ermənistan torpaqlarına. Lakin Nikol Paşinyan bunu nə qədər istəsə də, Rusiya heç bir NATO üzvünə bu icazəni verməyəcək”.

Bəli, Fransa Azərbaycana hərbi qüvvə göndərə bilməz, istər sülhməramlı, istərsə də başqa adla. Azərbaycan suveren, güclü dövlət olduğunu bütün dünyaya 44 günlük ildırımsürətli müharibədəki qələbəsi ilə sübut edib. Bizim Ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. Yəni, ona hansısa dövlətin hərbi yardımı və ya himayəsi qətiyyən lazım deyil. Sülhməramlılara gəlincə,  Azərbaycan və Ermənistan arasında bu missiyanı yerinə yetirən Rusiya və Türkiyə qüvvələri var. Bundan başqa da Azərbaycan öz sərhədlərini özü qorumaq iqtidarındadır və qonşuları ilə istənilən məsələni özü həll edə bilir. Qısaca desək, Azərbaycana nə hansı dövlətinsə silahlı qüvvələri, nə ATƏT-in Minsk qrupu, nə də başqa vasitəçi lazımdır. Yada salaq ki, Fransa Minsk qrupundakı vasitəçilik missiyasından ötən 28 il ərzində birtərəfli qaydada yalnız Ermənistanın təcavüzkar planlarını müdafiə üçün istifadə edərək özünə olan inamın üstündən qara bir xətt çəkdi.

Artıq dünya liderlərinə yaxşı məlumdur ki, Emmanuel Makron Fransanın mövcud ağır problemlərini bir yana ataraq nə yolla olursa-olsun yalnız Ermənistanın dirçəldilməsinə, qondarma status-kvonun bərpa olunmasına, təcavüzkarın yenidən meydana qaytarılmasına  çalışır. Makron özünü elə aparır ki, guya status-kvonun gorbagor olduğundan xəbərsizdir. Ermənistandan zorla qovulmuş 200 mindən çox azərbaycanlının öz müqəddəratını təyin etməsi hüququnu qulaq ardına vurması, vəhşi ermənilər tərəfindən Azərbaycanın yüzlərlə kənd və şəhərlərini talan edib xarabazara çevirdiklərini görməzliyə qoyması bizim üçün yaxşı heç nə vəd etmir. Əvvəldən ədaləti və insan haqlarını ayaq altına atan və bununla da özünü pis imiclə təqdim edən Fransa prezidenti sonrakı hərəkətləri ilə də özünü Cənubi Qafqaz regionunun arzuolunmaz “qonağına” çevirib. Qarabağda müharibə gedən günlərdə Makronun hansı siyasi hoqqalardan çıxmasını unutmamışıq. Fransanın Ermənistandakı səfirinin işğaldan sonra başqa səfirlər kimi Qarabağa gəlməməsi, Ermənistanın vandal hərəkətlərini pisləməməsi, əksinə, ermənilərə dəstək verməsi, ölkəmizə qarşı naşı və məsuliyyətsiz bəyanatlar səsləndirməsi bu dövlətin Azərbaycana olan bədxah mövqeyini nümayiş etdirib. Emmanuel Makron bütün bu əməllərə hansı don geyindirəcək, özünün və yekəxana səfirinin əllaməliklərinə necə haqq qazandıracaq?  Bəlkə yaramaz mövqe tutduğuna görə Azərbaycan xalqından üzr istəyəcək? Bu suallar yaxın zamanda öz cavablarını tapacaq. Görək başında yalnız erməni sevdası olan çağırılmamış qonaq Bakıya hansı “konstruktiv təkliflərlə” gələcək? Təkcə onu yaddaşında möhkəm saxlasın ki, bura onun üçün Ruanda deyil…

Daha çox xəbərlər