Dost dar gündə tanınar – Orta Asiya Türk cümhuriyyətləri Türkiyədəki yanğınlara niyə laqeyddir?
Sabir Rüstəmxanlı: “İnanmıram ki, belə biganə qalsınlar, ola bilər vəziyyətin çətinliyi haqda məlumatsızlıq rol oynayıb”
Türkiyənin 39 vilayətində 174 yanğından 160-ı nəzarət altına alınıb. “Yeni Müsavat”ın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşə Baş İdarəsindən bildirilib. Hazırda ölkənin 5 vilayətində 14 sahədə meşə yanğınları davam edir. Bundan başqa, kənd təsərrüfatı sahəsində 98 yanğına müdaxilə edildiyi qeyd olunub.
Hazırda yanğınlarda 16 yanğınsöndürən təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), 51 helikopter, bir pilotsuz vertolyot, 850 suçiləyən və su tankeri, 150 inşaat texnikası və təxminən 5250 işçi heyət fəaliyyət göstərir.
Qardaş ölkəyə Azərbaycandan, o cümlədən Rusiya, Ukrayna kimi ölkələrdən də yardım olunmaqdadır. Azərbaycanlı yanğınsöndürənlər hadisələrin qarşısının alınmasında fədakarlıq edirlər.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycana verdiyi dəstəyə görə xüsusi minnətdarlıq edib. Lakin Orta Asiya türklərindən, türk cümhuriyyətlərindən adekvat münasibət müşahidə olunmur. Halbuki dost, qardaş dar gündə bilinir, deyərlər. Bu, həm də bir sınaqdır. Çünki təbii fəlakətdən heç kim sığortalanmayıb. Təsadüfi deyil ki, hətta soyuq münasibətləri olan Yunanıstan da Ankaraya yanğınla mübarizədə kömək təklif edib. Rusiya isə ilk gündən kömək edir. Təkcə oradakı çoxsaylı turist-vətəndaşlarına görə yox.

Amma buradan-bura Azərbaycan istisna olmaqla, türkdilli dövlətlərindən hələ də səs çıxmayıb, qardaş ölkəyə heç bir kömək gəlməyib, təklif olunmayıb. Halbuki Türk Şurası deyilən qurum da var. Şuranın məqsədi Türk dünyasının xəyalı olan Turanı qurmaqdır. Sonuncu sammitdə bu barədə müəyyən ipucları verib. Zəngəzur dəhlizinin açılması ilə türk dünyası arasında qırılan əlaqə bərpa olunacaq. Bundan sonrakı perspektiv nəqliyyat, enerji, ticarət, iqtisadiyyat üzrə əməkdaşlığın güclənməsi ola bilər. Gələcəkdə ən perspektivli sahə olan gömrük ittifaqı və sərbəst ticarət zonası da yaradılmalıdır. Siyasi əhəmiyyətinə gəldikdə, təşkilata daxil olan dövlətlər bir mövqedən çıxış edəcək. Bu da üzv dövlətlərə siyasi-diplomatik üstünlük verəcək, müdafiə-təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə sıxlaşacaq. Belə olan halda məgər Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın adicə yanğınsöndürənləri yoxdurmu?
Biz 44 günlük müharibədə də Orta Asiya cümhuriyyətlərinin güclü dəstəyini görmədik. Görəsən, niyə? Türk dünyası niyə heç olmasa, dar gündə yekdil ola bilmir? Bu harasıdır, türkiyəli politoloq Ergin Özer deyib ki, məsələn, Türkmənistan hələ indiyədək beynəlxalq arenada Türkiyəni bir dəfə də olsun dəstəkləməyib: “İki ölkəni praktik olaraq, heç nə birləşdirmir, nə mədəni, nə hərbi, nə də digər sahələrdə”.
Doğrudanmı, Türk Şurasında olan ölkələr Türkiyəyə qarşı belə etinasız münasibət sərgiləyə bilər, yoxsa bizə məlum olmayan başqa səbəblər var?

Sabir Rüstəmxanlı
Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a qeyd etdi ki, ola bilsin həmin türkdilli ölkələrə müraciət olmayıb. S.Rüstəmxanlının sözlərinə görə, biz məsələlərin içini bilmirik. “İnanmıram ki, bu respublikalar belə biganə qalsınlar. Ola bilər ki, müəyyən məsafə var, vəziyyətin çətinliyi haqda məlumatsızlıq rol oynayıb. Məncə, əks halda, həmin ölkələr dəstək olardılar. İndiki halda ən yaxın olan Azərbaycandır və bütün imkanları ilə Türkiyənin yanındadır. Bu məsələni parlamentdə də səsləndirdim”, – deyə deputat bildirdi.
S.Rüstəmxanlının sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkür düşür: “Türkiyə telekanallarını izləyirəm, onların necə peşəkar işlədiyi haqda danışılır. Eyni zamanda bu sübut edir ki, Azərbaycanla Türkiyə bir yerdədir. Bütün sahələr üzrə bir xalq olduğumuzu sübut edirik. Bizim xoş və dar gündə birgə olmağımız dünyaya mesajdır. Qarabağda terror etdilər, indi də Türkiyə təbiətinə qarşı basqın, terror, bu ölkənin gözəlliyini gözü götürməyənlərin hücumu var. Onlar düşünürlər ki, Türkiyənin bu hadisələrin qabağını almağa gücü çatmayacaq, çünki iynəyarpaqlı ağaclardır, meşələr kibrit kimi yanır, bizim meşələr alova daha dözümlüdür. Ancaq bununla nə Türkiyəni sarsıtmaq olar, nə Azərbaycan-Türkiyə qardaşlığını sınağa çəkə bilərlər. Bu güclə istənilən yanğının qarşısını ala bilərik”.
Məlumatlara görə, passiv yanğın ocaqlarının yenidən alovlanmasının səbəbkarları meşədə və yaxınlıqdakı ərazilərdə gizlənən PKK terrorçularıdır. Terrorçular söndürülmüş ərazilərdə yenidən yanğın ocaqları yaratmaqla Türkiyənin işini çətinə salmaq istəyirlər. Xüsusi alışan maddələr var, yanğın söndürüldükdən sonra PKK-çılar həmin maddələri oraya tökürlər və yanğın yenidən qızışır. Bundan sonra isə ya “etibarlı”, təhlükəsiz yerdə gizlənirlər, ya da bunu gecə ilə edib aradan çıxırlar. Alışma ard-arda baş verir, nəticədə ətrafda istilik yaranır və meşənin yanmayan talalarını da alov bürüyür. Aidiyyəti qurumlar da bilmirlər ki, terrorçularla mücadilə aparsınlar, yoxsa yanğını söndürsünlər…
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

