Peyvənd olunanlar arasında ölüm faizi yox dərəcəsindədir
Sön vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Eyni zamanda, tam vaksin olunanlara 3-cü dozanın da vurulacağı barədə informasiyalar dolaşır. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə 3-cü və daha sonrakı dozaların tətbiqinə ehtiyac olub-olmayacağı və digər sualları cavablandırıb.
ARANTV.AZ xəbər verir ki, o, qeyd edib ki, ölkəmizdə ilk tətbiq olunan peyvənd Çin istehsalı olan “Sinovac”dır. Bunun yan təsirləri nisbətən azdır. Bu peyvəndi hər kəs asanlıqla qəbul edə bilir. Bizdə bu vaksindən sonra geniş tətbiq olunan Amerika və Avropa ölkələrinin istehsalı olan “Pfizer” vaksinidir. Bunlarla yanaşı, Rusiya istehsalı olan “Sputnik V” vaksini də istifadə edilir. Bu peyvəndlərin hansından istifadə etmək insanların öz seçimidir. Fərq etməz hansını seçirlər. Əsas odur ki, peyvənd olunsunlar.
İnsanlar bəzən deyirlər ki, vaksinasiya olundum, amma xəstələndim. Mən də izah edirəm ki, peyvənd insanları yüz faiz xəstəlikdən qorumur. Amma peyvənd olunanlar arasında ölüm faizi yox dərəcəsindədir, ağırlaşma hallarına da çox az rast gəlinir. Bu gün koronavirusdan reanimasiyaya düşən xəstələrin əksəriyyəti vaksinasiyadan keçməyən insanlardır. Bunun nəyi pisdir ki, siz peyvənd olunmayanlardan fərqli olaraq, virusa yoluxsanız belə, xəstəliyi ayaqüstü keçirirsiniz. Fərq bundan ibarətdir.

