Müdafiə nazirindən tapşırıq: Təxribatlara dərhal adekvat cavab veriləcək
Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
ARANTV.AZ xəbər verir ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.

