“Bizi qalib xalqa çevirdiyiniz üçün daima minnətdar olacaq”- Tanınmışlar Anım günündən yazdılar
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.
ARANTV.AZ xəbər verir ki, sənət adamları da Anım Günü ilə bağlı sosial şəbəkələrdə fikirlərini bölüşüblər:
Xalq artisti Aygün Kazımova şəhidlərin xatirəsini aşağıdakı sözlərlə anıb:
“Vətən uğrunda canından keçən şəhidlərimizi hörmət və ehtiramla anırıq! Xalqımıza zəfər yaşadan qəhrəmanlarımızın ruhları qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin”.
Xalq artisti Brilliant Dadaşova isə paylaşımında “1 il keçdi… Çox ağır, kədərli günlər yaşadıq. Biz artıq ikinci dəfə müharibə yaşayırdıq. Artıq ürəyimizin yağı qalmamışdı. Çatlarla, çapıqlarla dolu ürəyimizdə Birinci Qarabağ müharibəsinin qorxusu var idi: Uğursuzluq qorxusu. Ali Baş Komandan İlham Əliyev, bizi qalib xalqa çevirdiyiniz üçün bu vətən sizə daima minnətdar olacaq. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan oğullar, yaralanan, həyatı faciəyə çevrilmiş bacı və qardaşlarımız, körpə balalar heç vaxt unudulmayacaq”, sözlərini yazıb.
Xalq artisti Zülfiyyə Xanbabayeva, “Bizdən sonra gələcək nəsillər üçün də əsrlər boyu yaddaşlarda qalacaq tarix yazdılar! Qəhrəmanlarımızı dünyaya gətirən analarımıza bir ömür boyu minnətdarıq. Allah sizə səbir versin. Şəhidlərimizə rəhmət eləsin!”,- deyə qeyd edib.
Xalq artisti Röya Ayxan isə paylaşımına “Düz bir il əvvəl ordumuz tarix yazmaq üçün cəbhəyə yollandı. Qürurverici haldır ki, onlar 30 ilə yaxındır həsrətini çəkdiyimiz işğal altında olan torpaqlarımızı sonunda bizə qaytardılar. Bu uğurda iştirak etmiş, zəfər qazanmağımızda adı olan şəhidlərimizi yad edirik! Qazilərimizə şəfa, şəhid analarına səbr diləyirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, sözlərini əlavə edib.
Xalq artisti Məleykə Əsədova isə “Qarabağ Azərbaycandır! Şəhidlərimiz, qəhrəmanlarımız, igidlərimiz, yaddaşlarda, qəlblərdə ömürlük yaşayacaqsınız! Şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Bu igid oğulları dünyaya gətirən anaların qarşısında baş əyirəm. Azərbaycanımızı, rəşadətli ordumuzu, Ali Baş Komandanımızı, əsgərlərimizi Allah qorusun”, sözləri ilə paylaşım edib.
Müğənni Şəbnəm Tovuzlu isə “Dərd hamımızın dərdidir. Bir gözümüz ağlar, bir gözümüz gülər. Ruhu şad olsun, cənnət qoxulu şəhidlərimizin”,- deyə qeyd edib.
Aparıcı Aysel Nazim də paylaşımında şəhidlərə rəhmət diləyib: “Qarabağ Azərbaycandır. Allah bu sözləri bizə deməyi nəsib etdi. Şəhidlərimiz, ruhunuz şad olsun. Sizə sonsuz minnət duyuruq. Allah qazilərimizə, digər döyüşcülərimizə saölıq, gözəl həyat nəsib etsin. İnşallah bundan sonra qanlar tökülməz, sülh olar. Artıq düşmən də həddini bildi”.

