44 günlük zəfər yolunun üçüncü günü – VİDEO
2020-ci il sentyabrın 29-u − Azərbaycanın haqq-ədalət müharibəsinin 3-cü günü. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatı davam edir.
Azərbaycan ordusunun zərbələri qarşısında aciz qalan Ermənistan isə müxtəlif dezinformasiyalar yayaraq, daxili auditoriyasını qələbə xəbərlərinə inandırmaqla və beynəlxalq ictimai fikri çaşdırmaqla məşğuldur.
Məqsəd öz ərazi bütövlüyünün bərpası vəzifəsini şərəflə yerinə yetirən Azərbaycan ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, öz təxribatına haqq qazandırmaq üçün müharibəyə mümkün qədər çox ölkəni cəlb etmək idi. Başqa sözlə desək, çıxılmaz vəziyyətə düşən Ermənistan bölgədə baş verənlərdə Türkiyəni ittiham edərək Rusiyanın, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müharibədə Ermənistan tərəfdən iştirakına nail olmağa çalışır. Elə Vətən savaşının 3-cü günü səhər saatlarından Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundan Daşkəsən ərazisini atəşə tutması da onların niyyətini çılpaqlığı ilə ortaya qoydu.
Düşmənin dinc əhalinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdamın Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini həlak olur, məntəqənin binası dağılır, ərazidəki sakinlər təxliyə edilir.
Ümumilikdə isə müharibənin ilk üç günündə dinc əhali arasında erməni terrorunun qurbanlarının sayı 12-yə çatır, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilir. 66 yaşayış evi, səkkiz mülki obyekt yararsız vəziyyətə düşür, çoxsaylı xırda və iribuynuzlu heyvan tələf olur.

