Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ilə bağlı məlumatları açıqlayıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin ilk beş ayında Azərbaycana dünyanın 186 ölkəsindən 871,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır.

Ölkəyə gələnlərin 27,2 faizini Rusiya, 22 faizini Türkiyə, 8,4 faizini İran, 5 faizini Gürcüstan, 4,5 faizini Qazaxıstan, 3,2 faizini Özbəkistan, 2,9 faizini Hindistan, 2,7 faizini Pakistan, 2,3 faizini Çin, 2 faizini İsrail, 1,8 faizini Səudiyyə Ərəbistanı, 1,6 faizini Ukrayna, 1,4 faizini Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya vətəndaşları təşkil edib. Digər ölkələrin payı isə 12,8 faiz olub. Gələnlərin 69,6 faizi kişilər, 30,4 faizi isə qadınlardır.

Musavat.com-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, turist sayındakı azalma artıq hotellərin doluluq səviyyəsində də özünü göstərir: “İyun ayında olmağımıza baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə turist axını daha zəifdir. Bu il hotellərdə əvvəlki doluluq müşahidə olunmur. Bunun bir neçə səbəbi var. İlk növbədə regionda baş verən hadisələr, müxtəlif istiqamətlər üzrə məhdudiyyətlər, aviasiya yanacağının bahalaşması nəticəsində aviabiletlərin qiymətinin artması, həmçinin Azərbaycanın əsas turist bazarlarını təşkil edən ölkələrdəki regional gərginliklər ölkəmizə gələn turistlərin sayına birbaşa təsir göstərir. Bununla yanaşı, aidiyyəti qurumlar alternativ bazarlara yönəlmək üçün fəaliyyətlərini genişləndiriblər. Məqsəd yeni bazar seqmentlərindən Azərbaycana daha çox turist cəlb etməkdir. Hazırda Çin, Orta Asiya və Şərqi Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində işlər davam etdirilir. Digər mühüm amil isə Azərbaycanın təhlükəsiz ölkə imicidir. Bu, ölkəmizin əsas üstünlüklərindən biridir. Lakin Azərbaycana səfər etmək istəyən turistlər üçün aviabiletlərin yüksək qiyməti ciddi maneə olaraq qalır. Təyyarə ilə Azərbaycana gəlmək bir çox istiqamətlərlə müqayisədə daha baha başa gəlir. Nəticədə turistlər daha sərfəli alternativlərə üstünlük verir və istirahət üçün başqa ölkələri seçirlər”.
Statistika göstərir ki, Azərbaycan turizm sektoru bu il müəyyən çətinliklərlə üzləşib. Ekspertlərin fikrincə, turist axınının yenidən artması üçün həm yeni bazarlara çıxışın genişləndirilməsi, həm də nəqliyyat xərclərinin optimallaşdırılması istiqamətində addımların atılması vacibdir.
