Sosial 

Baş infeksionistdən əhaliyə çağırış: Qaydalara ciddi əməl etmək lazımdır

Son günlər COVID-19 infeksiyası ilə əlaqədar aparılan statistika göstərir ki, ağır xəstələrin sayı və gündəlik yoluxma hallarında ciddi azalma müşahidə edilir.  Hətta sağalananların sayı yoluxanları üstələyir, ölüm halları azalır. Gündəlik yoluxma sayı 4-5 mindən 600-700-ə qədər düşüb. Sanitar-epidemioloji durum yaxşılaşmağa doğru dəyişir.

Şübhəsiz ki, bu gün yoluxma sayında müşahidə olunan azalmanın əsas səbəblərindən biri də vətəndaşların vaksinasiya prosesində aktiv iştirakıdır. Artıq hər kəs anlayır ki, COVID-19 elə bir xəstəlikdir ki, bundan tam xilas olmağın və qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Çünki vaksin olunmuş insanlarda həmin infeksiyaya qarşı həssaslıq müəyyən qədər itir. Əgər peyvənd olu­nanlar virusla təmasda olarlarsa, ya yoluxmurlar, ya da yoluxsalar belə, bu xəstəlik simptomsuz və ya yüngül keçir.

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsi tətbiq olunub.

Qeyd edək ki, oktyabrın 5-nə olan statistik məlumatlara əsasən, indiyədək ölkədə ümumilikdə 486 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 465 min 446 nəfər müalicə olunaraq sağalıb, 6 min 584 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 348 nəfərdir.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, müsbət dinamikanın əsasında pandemiyaya qarşı dövlətin apardığı kompleks mübarizə tədbirləri durur. Bu tədbirlərə əhalinin maarifləndirilmsi, infeksiyanın vaxtında aşkarlanması, xəstələrin izolyasiyası, müalicəsi, vaksinasiyanın əlçatanlığının və kütləviliiyinin təmin edilməsi və s. aiddir. Əldə edilən uğurlardan ən əsası kifayət qədər yumşalmalara baxmayaraq infeksiyanın nəzarətdə saxlamağın mümkün olmasıdır. Lakin yadda saxlamaq lazımdır ki, pandemiya hələ sona çatmayıb.

Yoluxmanın azalması arxayınlıq yaratmamalıdır

Mütəxəssisin sözlərinə görə, yoluxma hallarının və aktiv xəstələrin sayında azalma müşahidə olunur. Təbii ki, bu saylar bizi arxayın salmamalıdır: “Bir tərəfdən məhdudiyyətlərin xeyli hissəsinin aradan qaldırılması, ənənəvi təhsilin bərpası, ictimai nəqliyyatın fasiləsiz işləməsinin təmin edilməsi, toylar və digər şənlik mərasimlərinin keçirilməsinə qoyulan qadağaların aradan qaldırılması, digər tərəfdən soyuqların düşməsi ilə əlaqədar insanların daha çox qapalı məkanlarda toplanması kimi faktorlar təmasların intensivliyinin artmasına gətirib çıxarır. Bu da infeksiyanın ötürülməsi üçün münbit zəmin yaradır. Ona görə də bununla bağlı narahatlıqlar var.”

Peyvənd olunanlar da qaydalara ciddi əməl etməlidirlər

T.Eyvazovun sözlərinə görə, vətəndaşlar qaydalara ciddi şəkildə əməl etməlidirlər: “Son zamanlar xeyli yumşalmalara gedilib. Bu da özlüyündə insanlar arasında təmasın artmasına şərait yaradır. Bundan başqa, havaların soyuması səbəbindən insanların qapalı məkanlara toplaşması da yoluxmanın çoxalmasına səbəb olur. Belə olan halda fərdi qorunma vasitələrindən istifadə etmək və vaksinasiyadan keçməklə yoluxmanın artımının qarşısını almaq mümkündür. Bununla yanaşı, vətəndaşlar tibbi maskadan düzgün istifadə etməli, gigiyenik qaydalara əməl etməli və fiziki məsafəni gözləməlidirlər. Qeyd etdiyimiz fərdi mühafizə tədbirləri nəinki yeni koronavirus, həmçinin qrip və digər respirator virus infeksiyalarından da qorunmaqda effektivdir. Belə bir şəraitdə vətəndaş məsuliyyəti, qoyulan qaydalara hamılıqla və düzgün əməl olunması, buna ciddi nəzarət və daha çox insanın vaksinasiyaya qoşulması önəm daşıyır. Yalnız bu halda əldə etdiyimiz nailiyyətləri qoruyub saxlaya bilərik.

Mütəxəssis həmçinin ölkədə vaksinasiya prosesinin müsbət yöndə davam etdiyinə də diqqət çəkib: “Azərbaycanda hazırkı dövrə qədər vaksinasiyadan keçənlərin ümumi sayı 8 683 990, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı təxminən 5 milyona yaxın, ikinci mərhələ üzrə isə 4 milyona yaxın insan iki doza vaksin vurduraraq müəyyən immunitet qazanıb. Bu, hələ də bizim qoyduğumuz hədəfə çatmaq demək deyil. Kifayət qədər insan hələ də virusa qarşı həssasdır. Odur ki, peyvənd olunanlar da  bütün gigiyenik qaydalara ciddi əməl etməlidirlər. Burada vətəndaş məsuliyyətinin böyük əhəmiyyəti var. Təbii ki, bu işə ciddi nəzarət olmalıdır. Yalnız bu halda əldə edilən müsbət nəticə davamlı ola bilər”.

Xəbərdarlıq: Yoluxma sayında yenidən artım ola bilər

19 saylı Şəhər Poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova “İki sahil”ə açıqlamasında bildirdi ki, yoluxma və ölüm sayında nəzərə çarpacaq dərəcədə azalma var: “Bunun əsas səbəbi əhalinin vaksinasiyası prosesində aktiv iştirakıdır. Artıq üçüncü yəni, gücləndirici dozanı qəbul etmək üçün kifayət qədər müraciət edən var. Vətəndaşlar peyvənd olduqca görürlər ki, həqiqətən də vaksinin onlara heç bir əks-təsir göstərmir. Əksinə, COVID-19-a yoluxma ehtimaları azalır, virusa yoluxsalar belə, xəstəliyi daha yüngül keçirirlər.”

Mütəxəssis xatırladıb ki, yeni tədris ilinin başlaması ilə əlaqədar artıq məktəblərə axın var ki, bu da sıxlığın yaranma ehtimalını artırır. Bildiyimiz kimi, uşaqlar fiziki məsafənin gözlənilməsi, tibbi maskadan istifadə qaydalarına düzgün əməl etmirlər. Bütün bunları nəzərə alaraq, müəllim və valideynlər birmənalı olaraq həmin uşaqları təlimatlandırmalıdırlar ki, ara məsafəsini gözləsinlər, sanitar-gigiyena qaydalarına əməl etsinlər, bir-biri ilə əl ilə görüşməsinlər, sıx təmasdan çəkinsinlər. Müəllimlər və valideynlər də vaksinasiya prosesindən aktiv iştirak etməlidirlər.

Y.Cəfərova xəbərdarlıq edib ki, yoluxma sayında yenidən artım ola bilər: ”Pandemiya qaydalarına düzgün riayət olunmadıqda, “vaksin olunmuşam, daha COVID-19-a yoluxmaram” deyə, düşünənlər yoluxmaram deyərək tibbi maskanı çıxarmamalı, əhalinin sıx olduğu yerdə sərbəst gəzintilər aparmamalı, fiziki məsafənin qorumalı və şəxsi gigiyena qaydalarına diqqət etməlidir. Vaksin olunan hər kəs pandemiya qaydlarına düzgün şəkildə əməl etməlidir. Əgər, bunlara riayət olunmayacaqsa, təbii ki, yoluxma sayının artması, eləcə də, növbəti dalğa da gözləniləndir.”

Daha çox xəbərlər