Qarabağın dünyaya açılan hava qapısı
Füzuli Beynəlxalq Hava Limanı Türkiyə və Azərbaycan xalqlarının həmrəyliyinin rəmzidir
Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyi münasibətilə təşkil olunan paradı seyr edən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bildirmişdilər ki, bu nailiyyətlərlə, gördüyümüz işlərlə heç vaxt kifayətlənməmişik və kifayətlənməyəcəyik. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Bu həmrəyliyin nəticəsi torpaqlarımızın 30 il davam edən işğaldan azad edilməsi oldu. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə münasibətilə Bakıda təşkil olunan Zəfər paradını birgə izləyən prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın bu ilin iyun ayında imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsi nəzərdə tutulan möhtəşəm quruculuq işlərinin Yol Xəritəsi, hər iki xalqın qardaşlığının sarsılmazlıq təntənəsi, ənənəyə sadiqlik rəmzi idi.
Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana səfəri də tarixi anlarla zəngin oldu. Zəngilanın Ağalı kəndində həyata keçirilən «Ağıllı kənd» layihəsi ilə tanış olan, Dost «Aqropark»ın təməlini qoyan, mətbuata birgə bəyanatla çıxış edən Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu həmrəyliyin sarsılmazlığından ətraflı bəhs etdilər. Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsində qeyd olunan «Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər» bəndi hər iki dövlət başçılarının xeyir-duası, Horadiz-Cəbrayıl- Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması ilə həllini tapdı.
Zəngəzur dəhlizinin icrası ilə bağlı atılan ilk addım «Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik» söyləyən Prezident İlham Əliyevin siyasi iradəsinin, Türkiyə-Azərbaycan qardaşlığının ifadəsi idi. Artıq Cənubi Qafqazda mənzərə tamam başqadır. Azərbaycan –Türkiyə birliyi regionda sabitlik, əməkdaşlıq yaradacaq, 3+3 formatı bölgə ölkələrinin iqtisadi inkişafına güclü təsir göstərəcək.
Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətə malik kommunikasiya infrastrukturunun formalaşdırılması, sonrakı illərdə Zəngilan və Laçında hava limanlarının inşasının başa çatdırılması niyyət deyil, reallıqdır. Son 30 ildə işğal olunmuş ərazilərə fəlakət gətirən, dağıntılar törədən Ermənistandan fərqli olaraq Türkiyə regiona sülh, tərəqqi, inkişaf, sabitlik gətirir. «Yəni, bu, bizim birgə uğurumuzdur» söyləyən Prezident İlham Əliyev vurğulayır ki, müştərək çalışmalar qarşıdakı illərdə də davam etdiriləcək.
İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuş, siyasi, mənəvi dəstəyini davam etdirmişdir. Azərbaycan xalqının qardaş türk xalqına Prezident Rəcəb Tayyib Ərdoğana hörmət və etimadını «Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səmimiyyət əsl qardaşlıq, dostluq nümunəsidir. Bir həqiqət danılmazdır ki, regionda, hətta dünyada Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Prezidentinin ölkəmizə tarixi səfərinin yaddaqalan amili bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi istiqmətində əməli addımlar atıldı. «Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq» söyləyən Prezident İlham Əliyev bildirir ki, Türkiyə və Azərbaycanın birgə gücü ilə bölgədə yaranan reallıq dünya siyasətinə də önəmli təsir göstərəcək: «Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik» söyləyən Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözlərinin əsasında mehriban qonşuluq münasibətlərinə sadiqlik, firavan gələcək istəkləri dayanır.
Azərbaycan –Türkiyə qardaşlığını təsdiqləyən Prezident İlham Əliyevin «Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdririk» sözləri, Füzuli Beynəlxalq Hava Limanı, Zəngəzur dəhlizi kimi bölgəyə sabitlik, inkişaf gətirəcək layihələr, Rəcəb Tayyib Ərdoğanın «Dünya beşdən böyükdür» aforizmi dünya xalqlarına ünvanlanan sülhə çağırış mesajıdır.

