Əsas səhifə 

Azərbaycan-Türkiyə: Unikal müttəfiqlik nümunəsi

Bu gün iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq bizim keçdiyimiz əzəmətli yolu keçib. Diqqət yetirsək görərik ki, bizim şanlı türk xalqlarının tarixi bahadırlıq, alplıq, ərənlik tarixidir. O həm də bəşəriyyəti qüdrətli sənət inciləri ilə zənginləşdirən, ucu-bucağı görünməyən bir mənəviyyat xəzinəsidir. Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq, görməzdən gəlmək mümkün deyil!

Azərbaycan və Türkiyə həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə budəfəki rəsmi səfəri də xalqımız üçün böyük bayrama çevrildi. Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimində iştirak üçün qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərə gəlməsi növbəti tarixi hadisədir, desək yanılmarıq. Şübhəsiz ki, belə bir hadisəni daha da əhəmiyyətli edən Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanmanın həyata keçirilməsi və bu ilk uçuşun qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə gerçəkləşməsi oldu.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev həmçinin Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark”ın təməlini qoydular. Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev çıxışında Şuşa bəyannaməsinin əhəmiyyətini bir daha xatırlatdı. Bildirdi ki, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və bu sənəddə əks olunan bütün müddəalar keyfiyyətcə daha yüksək iş birliyinin təminatıdır.

“Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir”- deyən dövlət başçısı bu hava limanını, eləcə də səfər çərçivəsində Zəngilan rayonunda təməli qoyulan birinci özəl sərmayə layihəsini Azərbaycan və Türkiyənin birgə uğuru adlandırdı. Bu bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki qardaş ölkə çiyin-çiyinə irəlililəyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında Qarabağın bərpasına qardaş köməyi barədə danışarkən, deyib: “Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Burada hər şeydən əvvəl təməlini qoyduğumuz, – bir az əvvəl cənab Prezidentin də dediyi kimi, – istər tunellər, istər yol ötürücüləri, istər avtomobil yolları bərpa işlərinin sürətlə həyata keçirilməsi baxımından çox önəmlidir. Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Bütün texnika parkları ilə podratçı firmaların ürəkdən çalışması ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik”.

Bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarı olduğunu qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan reallaşdırılan layihələrin təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə üçün yeni imkanlar açacaqdır: “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir”.

Dəhliz ölkəmizin qərb rayonlarını Naxçıvanla birləşdirəcək və bunun davamı kimi çəkiləcək Naxçıvan-Qars dəmir yolu xətti Azərbaycanı quru yolla Türkiyə ilə birləşdirəcək. Bu, həm də Azərbaycan-Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcək. Yeri gəlmişkən qeyd edək ki, 2023-ci ildə Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin 23 milyarda çatdırılması məqsədi qarşıya qoyulub. Zəngəzur dəhlizinin açılması bu hədəflərə çatmaqda çox kömək edəcək. Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin daha da şaxələnməsini də şərtləndirəcək. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın  yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri çərçivəsində səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişaf baxımından əhəmiyyətli olacağı şübhəsizdir.

Daha çox xəbərlər