Şərəfli günləri bizə yaşadan qəhrəman Ordu
Ötən ilin 27 sentyabr tarixində düşmənin genişmiqyaslı təxribatlarına cavab olaraq Ali Baş Komandanın irəli əmri ilə əks hücum əməliyyatlarının başlanması 30 illik Qarabağ həsrətimizə son qoydu. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən Vətən müharibəsində hər gün daha da irəliləyən Azərbaycan Ordusunun düşməndən təmizlədiyi ərazilər azərbaycanlıları və ürəyi Azərbaycanla döyünən hər kəsi sevindirdi. Müharibənin elə ilk anlarından etibarən düşmənin mifləri, “keçilməz” səddi, “məğlubedilməz” ordusu Azərbaycan Silahlı Qüvvələrinin gücü və bu güclü orduya rəhbərlik edən iradəli Ali Baş Komandanı qarşısında diz çökməyə məcbur oldu. Qorxubilməz, mərd, qəhrəman, vətənpərvər Azərbaycan igidlərinin demək olar ki, ardıcıl şəkildə azad etdiyi Suqovuşan, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı yaşayış məntəqələri, neçə-neçə kənd və qəsəbələr yumruqtək bir olan xalqı qələbəyə daha da ruhlandırdı. Artıq hər kəsin ürəyi Şuşanın azad olunması xəbərini eşitmək sevinci ilə döyünürdü. Qarabağın incisinin-Şuşanın azad olunması əməliyyatı isə hər kəsi: hərbi ekspertləri, dünya ictimaiyyətini, hətta dünya liderlərini belə heyran etdi. Əlbəttə Şuşanın azad olunması əməliyyatının bu qədər xüsusi olmasının səbəbi ilk olaraq qüsursuz işlənmiş hərbi əməliyyat planı və digər döyüşlər kimi bu döyüşü də səbirsizliklə gözləyən ordumuz oldu. Beləliklə, bir il öncə 8 noyabr tarixində Müzəffər Ali Baş Komandanın and yerimiz, qürur mənbəyimiz olan “Şəhidlər Xiyabanı”ndan xalqa müraciəti ilə Şuşanın işğaldan azad olunması xəbərini aldıq. Bu tarix Vətən müharibəsinin 43-cü gününə təsadüf etdi. Biz təqvimə baxanda görürük ki, 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün, 9 noyabr bayraq günü və 10 noyabr müharibənin sona çatdığı gündür. Bəli, bir il öncə Azərbaycanda bayram-bayrama, sevinc-sevincə qarışdı. Pandemiyanın özü ilə bərabərində gətirdiyi karantin rejiminin sərt qaydalarına baxmayaraq, xalq sevincini bayram kimi qeyd edirdi. Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, dünya tarixində isə haqqın, ədalətin qələbə çaldığı, bənzəri olmayan 21-ci əsr savaşının zəfər günüdür.
Azərbaycanın zəfəri ilə nəticələnən Vətən müharibəsi bir daha göstərdi ki, müharibədə ən vacib amillər sırasında diplomatik rəhbər, müasir silahlar olmaqla bərabər vətənpərvər əsgərlər və bununla yanaşı birlik nümayiş etdirən xalq da yer alır. Dəmir yumruq da məhz Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqıdır. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Son 100 il ərzində Azərbaycan tarixinə bu cür möhtəşəm qələbə yazılmamışdı. Əlbəttə bu zəfərə ilk olaraq Ali Baş Komandanın xüsusi əməyi, zəhməti, böyük sərkərdəlik məharəti nəticəsində, həm də yüksək bilikli diplomat olaraq Ermənistanın Azərbaycan haqqında apardığı informasiya blokadasını darmadağın etməsi, dünya ictimaiyyətini reallıqla üzləşdirməsi nəticəsində nail olundu.
Qazanılan zəfərimizin ən parlaq səhifələrini son 17 il ərzində vətənpərvərlik ruhunda böyüyən gənclər döyüş xəttində, səngərlərdə yazdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan Ordusu tarixi döyüş ənənələrini müasirliklə vəhdət halında tətbiq etdi. 103 yaşı olan Azərbaycan Ordusunun güclənməsi, hərbi bilikli kadrların yetişməsi, peşəkar ordu quruculuğunun əsası isə Ulu Öndərin səyləri, zəhməti və əziyyəti nəticəsində mümkün oldu. Bu gün Ali Baş Komandan İlham Əliyev də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında milli ruhlu, vətənpərvər gənc nəsil yetişdi, yüksək hərbi vətənpərvərlik ruhuna kökləndi, xalq və xüsusilə də gənc nəsil Ali Baş Komandanın ətrafında sıx birləşdi və bu da qalibiyyətli nəticə verdi. Biz 2016-cı ildə, 2018-ci ildə həyata keçirilmiş döyüşlərdə və 2020-ci ildə Vətən müharibəsində Azərbaycan əsgərinin rəşadətini, Azərbaycan ordusunun gücünü, texniki imkanlarını gördük. Bu səbəbdəndir ki, bu gün xarici ölkələr Azərbaycan Ordusunun müharibə təcrübəsini öyrənməyə çalışırlar. 30 il ərzində Ermənistanın işğal etdiyi ərazilərimizdə qurduğu istehkamları 44 gün ərzində Azərbaycan Ordusu darmadağın etdi. Bunu öz gözləri ilə görsələr də, faktlar əsasında bilsələr də ordumuzun əzmkarlığına hələ də təəccüblə yanaşanlar var. Bəli, bunu Azərbaycan əsgəri etdi. Azərbaycan hərbçilərinin igidliyini yüksək qiymətləndirən Ali Baş Komandan da öz çıxışlarında qeyd etmişdir ki, “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”.
Hər döyüşdə, savaşda, müharibədə olduğu kimi Azərbaycanın haqq savaşında da itkilər oldu. Və bu gün nəinki Vətən müharibəsi şəhidlərimizin, ərazi bütövlüyümüz uğrunda canını vətənə fəda edən hər bir şəhidimizin ruhu şaddır. Çünki, onları qisası alındı, Azərbaycan Ordusu qələbəyə nail oldu, torpaqlarımız düşməndən azad edildi. Vətən müharibəsində zabit və əsgərlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlar ölkə başçısı tərəfindən daim yüksək qiymətləndirilir, Azərbaycan Respublikasının ali mükafatlarına, orden və medallara layiq görülür. Azərbaycan əsgəri 50 milyon azərbaycanlıın qürur hissini özlərinə qaytardı, bu gün hər bir Azərbaycan vətəndaşı fəxrlə, qürurla qələbə sevincini yaşayır. Bir daha vurğulamaq istərdim ki, bu qələbə, bugün başı uca olmağımız şəhidlərimiz, Müzəffər Ali Baş Komandan və onun cəsur döyüşçüləri, yaralıları həyata qaytaran həkimlərimiz, Azərbaycan xalqının və ürəyi daim Azərbaycanla döyünən dostların, qardaşların siyasi-mənəvi dəstəyi sayəsində əldə olundu.
Şəbnəm Eldarova,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

