Gözəllik sirri: C vitamini
Havaların soyuması ilə əlaqədar olaraq orqanizmimizin müqavimətinin zəifləməsi və xəstəliklərin daha çox yayılması C vitamininə olan tələbatı daha da artırmışdır. Askorbin turşusu olaraq da adlanan C vitamini ən çox tanınan vitaminlərdəndir. Tərkibindəki hidroksil qruplarına görə suda yaxşı həll olan birləşmədir. Bəzi canlı orqanizmlər bu vitamini özləri istehsal edirlər. Lakin insanlar bu vitamini xaricdən qəbul etmək məcburiyyətindədirlər.
C vitamininin kollagenin əmələ gəlməsində çox təsirli rolu vardır ki, kollagen insan orqanizminin quru maddəsinin 70 %-ni təşkil edən və orqanizmdə miqdarı ən çox olan proteindir. Yaşlanma orqanizmin kollagen toxumasının zərər görməsi və orqanizmin kollagen istehsalını itirməsinin göstəricisidir. İnsanlar illər ərzində kollagen istehsalı qabiliyyətini itirirlər. Günəş işığı, havanın çirkliliyi və siqaret dərinin yaşlanmasının iki ən önəmli səbəbidir. C vitamini yaşlanmağa qarşı önəmli bir qalxan rolunu oynayır. Gənc yaşlarından sağlam qidalanmaq, şəkərlərlə qidalanmaqdan uzaqlaşmaq, çoxlu miqdarda meyvə və tərəvəzlər, balıq əti və yağsız ət istifadə etmək, sərbəst radikallar əmələ gətirən qidalardan uzaqlaşmaq və vitamin qəbuluna diqqət etmək dərinin yaşlanmasının qarşısını almaq üçün mühüm əhəmiyyətə malikdir.
C vitamininin təbii mənbələri göyərti, təzə meyvələr, bir sıra tərəvəzlər (kələm, bibər, kahı, gül kələmi) sitrus meyvələridir. İtburnu meyvəsi C vitamini ilə daha zəngindir. Askorbin turşusu bütün canlı toxumalarında olur. Təzə meyvə və tərəvəzlər bu vitaminlə zəngindir. Meyvələr arasında ən çox C vitamininə malik olanlar limon, portağal, greyfurt, kivi, ananas, çiyələk və qarağatdır. Tərəvəzlər, xüsusilə ispanaq, quru soğan, bibər, turp, yer alması, brokoli C vitamini baxımından ən zəngin qidalardandır.
Yaşdan və bədən çəkisindən asılı olaraq C vitamininə olan tələbat dəyişilir. Bir yaşadək uşaqlarda gündəlik tələbat 30-40 mq, 1-12 yaş aralığında 40-75 mq, orta yaşlı insanlarda isə tələbat 50-100 mq təşkil edir.
C vitamininin faydaları dedikdə ilk ağla gələn immun sistemidir. İnsan orqanizminə olduqca təsirli olan C vitamini immuniteti artırır və bir çox xəstəliklərin qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Antioksidant xüsusiyyəti olduğu üçün xərçəng xəstəliyinin müalicəsində təsirlidir. Dəri hüceyrələrinə birbaşa təsir edir, qan hüceyrələrinin sürətlə yenilənməsinə və digər vitaminlərin sintezinə kömək edir. Dəridəki yara izlərinin bərpasından, sümüklərin əmələ gəlməsinə qədər çox sayda funksiyaları vardır.
Surə Rəhimova,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı,
biologiya üzrə fəlsəfə doktoru

