Bakıda arvadını qətlə yetirib, qonşusunu bıçaqlayan şəxsin istintaqı başa çatıb
Bakıda arvadını qətlə yetirib, qonşusunu bıçaqlamaqda təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, bu il avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib və oraya gedərkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

