Azərbaycanın bəzi yerlərində qışda da ağac əkmək mümkündür – Bioloq alim
Respublikanın Aran və Abşeron zonalarında, Arazqırağı aran yerlərdə ağac əkini əvvəllər payız və yazda aparılırdı. Çoxillik iqlim nəticələrinə görə, artıq bu ərazilərdə qışda da ağac əkmək mümkündür.
Bunu Trend-ə açıqlamasında biologiya üzrə flsəfə doktoru Asif Mehralıyev deyib.
O qeyd edib ki, qlobal iqlim dəyişməsi nəticəsində isti keçən qış aylarında da hava şəraiti imkan verir ki, ağac əkininin müddəti uzadılsın və oktyabr ayından başlayaraq aprel ayına kimi bitkinin xüsusiyyətindən asılı olaraq əkin aparılsın.
“Lakin əkini hidrometeorologiya xidmətinin verdiyi hava şəraitinə və hidrometeoroloqların tövsiyəsinə əsasən şaxtasız və yerin buzsuz olan vaxtında aparmaq lazımdır” – deyə, o əlavə edib.
Alim qışda şaxtanın əkilən ağacları vurma ehtimalına da münasibət bildirib.
“Ərazidə uzun illərdir bitən ağacları qış vaxtı şaxta vurmayıbsa, deməli, yeni əkilən ağacları da vurmayacaq. Yəni, əraziyə uyğun ağaclar əkilməlidir. Torpaqda həmişə tektonik proseslər gedir. Qışda isti olur. Aran və Abşeron bölgəsində bitkinin kökünün donması halı bu vaxta qədər müşahidə olunmayıb. Şaxta yerüstü hissəni vursa belə, kök hissəsi zədələnmir. Çoxillik iqlim nəticələrinə görə, Abşeron və Aran bölgələrində kəskin şaxtalar olmur. Yalnız 1972-1973-cü ildə dağətəyi zonalarda sərt şaxta olub. Onda da sadəcə subtropik bitkilərin yerüstü hissəsi donub. Biz aparılan müşahidələrə əsasən əminliklə deyirik ki, qış vaxtı əkinin aparılması mümkündür” – o qeyd edib.
Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov da Trend-ə açıqlamasında qışda ağac əkilməsinə öz münasibətini bildirib.
O bildirib ki, bir mütəxəssis kimi mən də belə düşünürəm ki, iqlim dəyişməsi səbəbindən temperatur artdığı üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən proqnozları nəzərə almaqla qış aylarında da əkin mövsümünü davam etdirmək olar.
“Sadəcə burada əsas şərt hər bölgənin iqliminə və relyefinə uyğun ağac növləri seçilməli, əkiləcək hər bir ağac cinsinin bioloji xüsusiyyətləri və ərazinin meşəbitmə şəraiti nəzərə alınmalıdır” – deyə, o qeyd edib.
Mütəxəssisin sözlərinə görə, qış aylarında keçən mülayim hava şəraitindən istifadə edərək ağacəkmə tədbirləri keçirməklə ölkə ərazisində yaşıllıqların daha çox artırılmasına, eyni zamanda istilik effekti yaradan qaz tullantılarının azaldılmasına töhfə vermiş olarıq.

