Sosial islahatların aparılması bütün dövrlərdə və bütün ölkələrdə çətin və daha çox məsuliyyət tələb edən işdir. Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqaməti məhz əhalinin maddi rifahının yaxşılaşdırılmasına yönəlib. Ümumiyyətlə, ölkəmizin iqtisadi gücünün, qüdrətinin bütün parametrlərində insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər dayanır.
Biz dünyada hökm sürən qlobal pandemiya ilə mübarizə dövründə dövlətimizin yenə də iqtisadi sahədə əhaliyə dəstək verdiyinin şahidi olduq. Bunun özü də sosial dəstəkdir. Çünki işləməyənlərə maddi yardım göstərilməsi vacib amillərdən biridir. Həmçinin bizneslə məşğul olan şəxslərə ziyanlarını kompensasiya edəcək ödənişlərin edilməsi də xüsusi vurğulanmalıdır.
2022-ci ilin dövlət büdcəsində Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün addımların atılması tövsiyə edilmişdir. Bunun üçün də 1,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutuldu. Beləliklə, büdcə bunu qəbul etdi. Bu islahatlar üçün 2,1 milyon insanı əhatə edəcək iqtisadi paketin hazırlanmasına büdcədə zəmin yaradıldı”. Prezident İlham Əliyevin sərəncamları ilə peşə təhsilində çalışan, hərbi hazırlığa qədər müəllimlərin əməkhaqqının, təqaüdlərin, tələbələrin, elm sahəsində çalışanların müavinətlərinin artırılması əhəmiyyətli addımlardan biridir. Belə ki, əməkhaqqı ciddi şəkildə artırıldı. Son illərdə isə minimum əməkhaqqı və pensiyalar demək olar iki dəfə artırılmışdı. Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb. Həmin Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əlilliyi olan şəxsləri və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənləri, sağlamlıq imkanları məhdud uşaqları və onlara qulluq edənləri, yaşa görə müavinət alanları, ailə başçısını itirməyə görə müavinət alanları, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumlarını, beşdən çox uşağı olan qadınları, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələri, övladlığa uşaq götürənləri, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorlarını, “Xalq” və “Əməkdar” fəxri adı olanları, doktorant və tələbələri əhatə edir. Həmçinin uşağın doğulmasına görə birdəfəlik müavinət və dəfn üçün birdəfəlik müavinətlər artırılır. Minimum əməkhaqqı 300 manata çatdırıldı, vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artırıldı. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20% artırılacaq. Azərbaycan vətəndaşı inanır ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar, layihələr onların rifahının yüksəlməsi yolunda atılan addımlardır. İstər təhsil, istər səhiyyə, istərsə də digər sahələrdə aparılan islahatlar xalqın firavanlığına, həyat səviyyəsinin yüksəlməsinə, daha yaxşı yaşamasına istiqamətlənib.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin mühəndisi – Lamiyə Nəcəfova
