Polis əməkdaşları şəhid ailələri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər
Qax Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub. Şəhidlərimizin bizlərə əmanət qalan övladlarını təbrik edən asayiş keşikçiləri gətirdikləri bayram hədiyyələri ilə onları sevindiriblər.
Aztəminatlı soydaşlarımızla da görüşən polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Ümumilikdə, rayon ərazisində yaşayan 60 ailə ziyarət olunub, onlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.


