Azərbaycan ərzaq təhlükəsizliyini necə təmin edəcək?
“Nazirlər Kabinetininin Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində qeyd edilən məsələlər Azərbaycanda ərzaq təhlükəsizliyinin dayanıqlığınına xidmət edəcək”.
Bunu “İki sahil”ə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçi direktorunun müavini Ramil Hüseynli deyib.
Onun sözlərinə görə, hökumətin əsas hədəflərindən biri ölkənin ərzaqla davamlı təminatıdır: “Bildiyimiz kimi, ərzaq təhlükəsizliyi özündə 4 mühüm elementi birləşdirir: ərzağın mövcudluğu, ərzağa çıxış, keyfiyyətli ərzaqdan istifadə və ərzaqla davamlı təminat. Azərbaycan davamlı olaraq bu 4 sütün üzrə özünün ərzaq təhlükəsizliyi göstəricilərini yaxşılaşdırmağı hədfləyir. Hələ 2001-ci ildə qəbul edilmiş “Ərzaq təhlükəsizliyi Proqramı”nda vurğulanırdı ki, ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir və bu hüququn təmin edilməsi hökumətin mühüm vəzifələrindən sayılır. Hökümətin sonuncu iclasında müəyyənləşdirilən baza prinsipləri də məhz bu mühüm vəzifənin icrasına xidmət edir”.
Xatırladaq ki, yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş iclasa ölkədə ərzaq məhsulları ilə təminat sahəsindəki əsas prinsiplər açıqlanıb. Sözügedən 6 baza prinsip ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzinin əsasən yerli istehsalın üzərinə keçirilməsi, ərzaq məhsullarının qiymətinin liberallaşdırılması, haqsız rəqabətə qarşı mübarizə gücləndirilməsi və digər məsələləri əhatə edir.

