Azərbaycan gəncləri vətənpərvər və milli ruhdadır
Ölkəmizdə gənclərlə iş sahəsində atılan addımlardan ən önəmlisi 1997-ci il fevralın ikisində ulu öndər Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Gənclər gününü təsis olunması oldu. Müstəqilliyini yenicə qazanmış Azərbaycanın bu təşəbbüsü dünyanın əksər ölkələr tərəfindən dəstək aldı. Bundan iki il sonra isə BMT Beynəlxalq gənclər gününü elan etdi. Bu il gənclər gününün 25 illiyi münasibəti ilə ölkəmizin hər bir guşəsində xüsusi olaraq təntənəli şəkildə qeyd olunur. 2 fevral 2022-ci il tarixində keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edənlər paytaxt Bakı ilə yanaşı regionların da təmsilçiləri olan gənclər idi. Forumda çıxış edən Prezident cənab İlham Əliyev ötən dövrün mənzərəsini tarixi faktlara gənclərin diqqətinə çatdıraraq qeyd etdi ki, müstəqilliyini yeni qazanan Azərbaycanda müharibənin baş verməsi kimi çox böyük ciddi problemlərin mövcud olmasına baxmayaraq Ulu Öndər Heydər Əliyev gəncləri də unutmadı, onlar üçün əlamətdar tarixi təsis etdi. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Gənclərlə bağlı iş Azərbaycanda dövlət siyasətinə çevrilib, gəclərin inkişafı, dünyaya inteqrasiyası üçün hər cür şərait yaradılıb.
Forumda gənclər cənab Prezidentə ünvanlandığı suallarla yalnız gənclər üçün deyil ümumilikdə bütün sosial qruplar, kateqoriyalar üçün maraqlı olan mövzulara toxundu. Fikir versək görərik ki, səslənən sualların bir çoxu da məhz Vətən müharibəsi ilə, Qarabağla, işğaldan azad olunmuş torpaqlarla bağlı idi. Bu da təsadüfi deyildir. Çünki illərdir hər birimizin qəlbi Qarabağ səmasında yenidən Azərbaycan bayrağının dalğalanması, yenidən o torpaqlara: el-obamıza qayıtmaq sevdası ilə yaşayırdı. Bu sevdanı yaşadan da dövlətimizin gənclər siyasəti və bu siyasətin ilk prioriteti: vətənpərvərlik idi. Cənab Prezidentin müəyyənləşdirdiyi siyasət çərçivəsində vətənpərvərlik daima bütün tədbirlərdə, proqramlarda ən vacib, ən öndə gedən prioritet olaraq götürülmüşdü. Bütün bunlar göstərir ki, Azərbaycanda gənclik hərəkatı sözün əsil mənasında özünün qızıl dövrünü yaşayır. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti öz bəhrələrini verməkdədir. Vətənpərvərlik ruhu ilə böyüyən gənc nəsil 44 günlük Vətən müharibəsindəki zəfər yolumuzda başlıca rol oynadı. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq böyükdən kiçiyə qədər hər bir vətəndaş Prezident İlham Əliyevin ətrafında səfərbər olaraq milli həmrəyliy nümayiş etdirdi. Bununla belə müharibənin əsas ağırlığı isə əldə silah düşməni torpaqlarımızdan qovan Azərbaycan əsgərinin-Azərbaycan gəncinin üzərinə düşdü. Tarixi ədalətin bərpası zamanı dünya Azərbaycan gəncliyinin, gənclərinin gücünü, birliyini, milli-mənəvi dəyərlərə sahibliyini gördü. Çıxışı zamanı cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan gəncliyi öz mərdliyini, şücaətini, qəhrəmanlığını məhz 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərmiş oldu. Əlbəttə, döyüş meydanında vuruşan əsgər və zabitlərimiz son illərdə yetişən gənclərdir. Hansı ki, onların əksəriyyəti dünyaya gələrkən torpaqlarımız işğala məruz qalmışdı. Həmin gənclər Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşmış gənclərdir ki, dünyaya nümunə olacaq vətənpərvərlik ruhunda yetişiblər. Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi sayəsində torpaqlarımız düşmən işğalından azad edilib. Və indi hər bir azərbaycanlının, Azərbaycan gəncliyinin qarşısında həm də erməni barbarlığının, vandallığının qurbanı olmuş yurd-yuvamızın, Qarabağın bərpası, abadlaşdırılması, dirçəlişi missiyası durur. 30 illik Qarabağ həsrətindən sonra buranın dirçəldilməsində kiçik bir payımızın olması indi hər birimizin arzusudur.

Xumarə Familli,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı

