Gündəm 

Nəqliyyat sahəsində islahatlar – yeni qaydalar nə vəd edir?

BNA BŞİH-in, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi DİN-in tabeliyinə verildi

Prezident İlham Əliyevin fərmanı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Fərman Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a bildirdi ki, əsas məsələ ictimai nəqliyyatın təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətin yüksəldilməsidir: “Vətəndaşlar haqlı olaraq, avtobuslararası intervalların çox olmasından, hər dayanacaqda ”Bakıkart” balansının artırılmasının mümkün olmamasından şikayət edirlər. Xüsusilə yaşlı insanlar, təqaüdçülər üçün müəyyən çətinliklər var. Taksilərin fəaliyyəti, dayanma-durma ilə bağlı problemlər mövcuddur. NİİM tam gücü ilə işləyə bilmədi. Bu qurum vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində idi. Sistemin adı var, özü yoxdur. Sözügedən sərəncamın verilməsində əsas məqsəd Azərbaycanda, xüsusilə Bakıda hərəkəti vətəndaşlar üçün daha təhlükəsiz etməkdir. Burada iki əsaslandırıcı sənəd var: birincisi prezidentin 2018-ci il dekabın 27-də imzaladığı “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair” dövlət proqramı, ikincisi isə ötən il fevralın 2-də imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” dövlət proqramıdır. “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair” dövlət proqramı 2019-2023-cü illəri əhatə edir. Lakin 2022-ci il olmasına baxmayaraq, bir çox məsələlər hələ də həyata keçirilməyib. Sərəncamın verilməsində məqsəd bu proqramda nəzərdə tutulan işlərin sürətləndirilməsidir”.

Ekspert: “İdxal olunan avtomobillər üçün tətbiq olunan rüsumlar  azaldılmalıdır” - 10.08.2021, Sputnik Azərbaycan

Eldəniz Cəfərov

Ekspertin sözlərinə görə, bu cür struktur dəyişikliklərinə dünya təcrübəsində də rast gəlinir: “BNA-nın BŞİH-in tabeliyinə verilməsi normal prosesdir. İnkişaf etmiş ölkələrdə bu təcrübə mövcuddur. Hər hansı problem yarandıqda vətəndaşlar birbaşa meriyaya müraciət edəcəklər. Bu, belə də olmalıdır. O ki qaldı NİİM-ə, BNA- da sistemi bilən mütəxəssislər, resurslar yoxdur. DİN-də isə var”.

Qeyd edək ki, Bakıda son illər nəqliyyat sistemində ciddi problemlər  müşahidə edilməkdədir. BNA-nın ən çox tənqid hədəfi olduğu məqamlardan biri dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin yazılması ilə bağlı idi. Vətəndaşlar hesab edirdilər ki, bu cərimələrin yazılması BNA-nın səlahiyyətində olmamalıdır. Qanunsuz parklanma ilə bağlı da eyni vəziyyət idi. Saymaqla bitməyən onlarla başqa problem də var.

Daha çox xəbərlər