Bu günlərdə İrəvanın Ərəbkir rayonunun rəhbəri Suren Varosyanın toy mərasimi Ərəbkirin “Yeraz” parkında yerləşən restoran komplekslərinin birində baş tutub.
Musavat.com erməni mediasına istinadən məlumat verir ki, tədbir açıq havada baş tutub və qonaqlar arasında müxtəlif dövlət rəsmiləri, rayon rəhbərləri və Varosyanın yaxın adamları olub. Bundan başqa, toy mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib və qısa müddət ərzində restoranda olub.
“Suren Varosyan ictimaiyyətə ilk növbədə baş nazirin aparatında protokol işçisi kimi tanınıb, daha sonra İrəvan administrasiyasına keçib. 2024-cü ildə Ərəbkir inzibati ərazi dairəsi başçısının müavini təyin edilib və icra başçısı vəzifəsində çalışıb, 2025-ci ilin avqustunda isə rəsmən rayon rəhbəri olub”, – erməni saytı bildirir.
Maraqlısı toyun “Yeraz” adlanan parkda keçirilməsidir.
Maraqlıdır, Paşinyanın da iştirak etdiyi toyun keçirildiyi parka verilən bu adın mənası nədir?.. Bununla bağlı Qərbi Azərbaycandan olan bir neçə tanınmış şəxsə müraciət etsək də, detallı məlumat almaq mümkün olmadı.
Ermənişünas alim, professor Qafar Çaxmaqlı isə sorğumuza cavabında bildirdi ki, İrəvandakı “Yeraz” adı “İrəvan Avtomobil Zavodu”nun ümumiləşdirilmiş formasıdır, bu mənada Qərbi Azərbaycandan, İrəvandan deportasiya edilmiş azərbaycanlılarla hər hansı əlaqəsi yoxdur.
Q.Çaxmaqlı əlavə etdi ki, Ərəbkir adını saxlaması da təsadüfi deyil. Belə ki, Türkiyənin Maraş bölgəsində olan Ərəbkirdən getmə olduqlarını əks etdirən toponimdir.
