Gündəm 

Ermənilər Ermənistanda yaşamaq istəmirlər

“Joğovurd” qəzeti: Ötən il 75 min 571 nəfər erməni ölkəsinə geri qayıtmayıb

Ermənistan dövləti, cəmiyyəti 44 günlük müharibənin başa çatmasından 1 il 3 aydan çox vaxt keçməsinə baxmayaraq bu savaşın ağır nəticələrindən, sarsıdıcı məğlubiyyətdən hələ də özünə gələ bilməyib. 30 il ərzində uydurma, saxta “ideyalara” əsaslanıb, işğalçı siyasət yürütməyin aqibətini erməni xalqı, lobbisi, hakimiyyəti aydın görür. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi dövrlər belə tam tənəzzül illəri idi. Ən əsası isə Ermənistan Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə formalaşan yeni iqtisadi-ticarət-logistika əməkdaşlığı formatından bu dövlət kənar qalmış, tam təcrid vəziyyətinə düşmüşdür.

Hazırda erməni xalqının əksəriyyəti düçar olduğu ağır vəziyyətin, yaşadığı acınacaqlı durumun səbəbinin məhz işğalçılıq siyasəti olduğunu yaxşı anlayır. Bu vəziyyətə görə işğalçı ölkənin keçmiş prezidentləri Serj Sarkisyan, Robert Koçaryan cütlüyünün keçmiş hərbi xuntasını günahkar kimi qəbul edir. Ötən ilin iyununda Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri də erməni xalqının mövqeyini göstərdi. Ermənilər bu seçkilərdə 10 noyabr Bəyanatının öhdəliklərini, yəni təslimçilik aktının müddəalarını yerinə yetirəcəyi vədi ilə qatılan iqtidar partiyasına mandat verməklə Azərbaycanla əməkdaşlığa səs vermiş oldu. Bu seçim Ermənistan rəhbərliyinə nəticə çıxarmaq üçün şərait yaradır. Belə ki,  Ermənistandakı revanşist dairələrin avantürist, sərsəm bəyanatları erməni xalqının böyük hissəsinin mövqeyini əks etdirmir.

İkinci Qarabağ müharibəsinədək Ermənistan özünü “müasir ordusu, güclü iqtisadiyyatı” olan ölkə sayırdı. Lakin müharibə zamanı cəmi 44 günə ordusu darmadağın olan bu işğalçı dövlətin nəinki müharibəyə, hətta ciddi bir müqavimətə belə qadir olmadığı üzə çıxdı.

Artıq Ermənistanı narazılıq dalğası bürüyüb. Ordusu və iqtisadiyyatı böhran vəziyyətində olan bu dövləti tərk edənlərin sayı getdikcə artır. “Joğovurd” qəzetinin yaydığı məlumata görə, ötən il Ermənistanı tərk edən 75 min 571 nəfər erməni ölkəsinə geri qayıtmayıb.

Ümümilikdə isə 762 792 nəfər Ermənistanı tərk edib,  onlardan 687 221 nəfəri geri qayıdıb. Digərləri isə ölkələrinə qayıtmaqdan imtina ediblər. Bundan əlavə, ötən ilin birinci yarısında 22 minə yaxın Ermənistan sakini Rusiya vətəndaşlığını qəbul edib. Bu isə son 4 il ərzində qeydə alınan rekord göstəricidir. Məlumata görə, ötən il 161 minə yaxın Ermənistan vətəndaşı “Green card” qazanmaq üçün müraciət edib.

Onu da qeyd edək ki, Ermənistanda məxməri inqilabdan əvvəl, yəni Paşinyanın hakimiyyətə gəlişindən öncə – 2017-ci ildə bu ölkəni tərk edib, geri qayıtmayanların sayı 36 200 nəfər olub. Bu statistika sübut edir ki, əslində, Ermənistan vətəndaşlarının həyatı yaxşılaşmır və əksinə əhalinin həyat səviyyəsi getdikcə aşağı düşür.

Daha çox xəbərlər